AZ

Ziya Məmmədov və Elnur Abdullayevlə bağlı sensasion açıqlama: “100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb”

Ötən gün Cloudflare-də yaranan qlobal problem nəticəsində ölkədə 9 minə yaxın milli resurs çöksə də, dövlət sektorunun – XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir saniyə belə dayanmadığını təqdirəlayiq addım kimi qeyd etmişdim. Nə qədər qəribə olsa da, bəziləri, hətta intellektinə şübhə etmədiklərim də bunun “adi hadisə” olduğunu, sadəcə, “Cloudflare”dən istifadə etmirlər” deyə bəsit yanaşma sərgilədilər.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

O, məsələnin mahiyyətinə bird aha diqqət çəkib:

 

“1. XRİTDX nümunəsi – milli təhlükəsizliyi seçən doğru qərar

 

İllər öncə Cloudflare rəsmiləri ölkəmizdə müştəri toplayarkən, ucuz və şirnikləndirici təkliflərlə çıxış edirdilər. Xeyli kritik qurumlarla müqavilələr də bağlamışdılar və indi çökən saytlardan bu açıq-aşkar görsənir. XRİTDX və təhlükəsizliyə cavabdeh digər dövlət strukturları isə bu təkliflərə uymadı, separat sövdələşməyə getmədi, milli təhlükəsizlik risklərini nəzərə aldı və lokal təhlükəsizlik sistemlərinə üstünlük verdilər. Bu sistemi illər ərzində təkmilləşdirərək dayanıqlı infrastruktura çevirdilər. Nəticə? Qlobal böhranda belə ölkənin kritik infrastrukturu ayaqda qaldı.

 

2. Nəqliyyat Nazirliyinin nümunəsi – yanlış qərarın milyonluq fəsadı

 

2008-ci ildə Koreyanın “SK C&C” şirkətinin rəsmiləri ölkəmizdə başqa bir təkliflə, “intellektual nəqliyyat sistemi” qurmaq təklifilə o zamankı nazir Ziya Məmmədovla danışıqlar aparmışdı. Nazir həmin şirkətlə xarici həllin Azərbaycana gətirilib tətbiqi üçün 100 milyon dollarlıq müqavilə imzaladı. 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verildi. Lakin elə ilk günlərdən sistem işləmədi və özünü doğrultmadı. Yeniləmək istədikdə isə məlum oldu ki, həmin xarici şirkət proqram təminatının ilkin kodlarını Azərbaycana verməyib. İlkin kodlar üçün daha böyük vəsaitlər tələb edildi. Güman ki, hökumət də bu vəsaitləri verməkdən imtina etdi. Nəticə isə hamıya bəllidir: Havaya sovrulan milyonlar, iflas etmiş dövlət layihəsi, qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirməyən “intellektual nəqliyyat sistemi” və gündəlik həyatımızn bir parçası olan tıxaclar. Bu gün həmin 100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb. Yeri gəlmişkən, hələ də Ziya müəllimdən bunun hesabatının tələb edildiyini xatırlamıram. 30 illik təcrübəm əsasında belə nümunələrin sayını çoxalda da bilərəm. Amma ümid edirəm baş verənləri sadə hadisə olaraq dəyərləndirənlər üçün bu iki nümunə yetərli olar”.

 

Qeyd: Həmin müddətdə Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin direktoru Elnur Abdullayev olub. O, sonradan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis təyin olunub, 2017-ci ilədək bu vəzifədə çalışıb, hazırda bizneslə məşğuldur.

Tarix: 20 Noyabr 2025, 18:55   
Seçilən
18
9
pravda.az

10Mənbələr