"Azərbaycanda bir sıra xəbər portallarında və digər saytlarda yaranan əlçatanlıq problemi, qlobal miqyaslı "Cloudflare" nasazlığından qaynaqlanıb". Bu sözləri SİA-ya açıqlamasında İT üzrə ekspert Elvin Abbasov deyib.
Onun sözlərinə görə, saytların fəaliyyətinin dayandırılmasının əsas səbəbi, bu portalların yüksək sürət, daha yaxşı performans və güclü DDoS qorunması üçün öz trafiklərini "Cloudflare"in serverləri üzərindən yönləndirməsi idi:
""Cloudflare"in özünün mürəkkəb qlobal şəbəkəsində (ehtimal ki, daxili konfiqurasiya səhvi ilə bağlı) nasazlıq baş verdikdə, bu "qapıçı" rolu oynayan qat iflic oldu və bu, bütün asılı saytlara girişi kəsdi. Bu, ölkədaxili bir problem deyil, trafikini və təhlükəsizliyini "Cloudflare" xidmətləri üzərindən idarə edən bütün qlobal saytlara təsir edən beynəlxalq bir insident idi, buna görə də istifadəçilər səhifələrə daxil olarkən 500 tipli xətalarla qarşılaşdılar.
Bu cür fasilələr əsasən xarici infrastruktur ilə bağlı olduğundan, istifadəçilərin məlumat itirməsi riski demək olar ki, yoxdur. Saytların məlumat bazası "Cloudflare"in deyil, onların öz serverlərində saxlanılır. Buna görə də, istifadəçilərin edə biləcəyi ən vacib şey panikaya düşmədən gözləmək və sonra yenidən cəhd etməkdir. İstifadəçi tərəfindən brauzer keşini təmizləmək kimi addımların atılmasına ehtiyac yoxdur, çünki problem sistem səviyyəsindədir. Ən son məlumatları əldə etmək üçün isə xəbər portalının sosial media kanallarını yoxlamaq tövsiyə olunur, çünki bu kanallar əksər hallarda normal işləməyə davam edir".