Yeni Klinikada ötən gün açılış mərasimi baş tutan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinq keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, birifinqdə media nümayəndələri, TƏBİB və Yeni Klinikanın struktur bölmə rəhbərləri iştirak ediblər.
Brifinqdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, təqdim edilən iki mərkəz Azərbaycan səhiyyəsinin transformasiya mərhələsində strateji əhəmiyyət daşıyan layihələrdir:
“Geniş ərazidə fəaliyyətə başlayan Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycan üçün yeni reabilitasiya modelinin əsasını qoyur. Burada məqsəd yalnız xəstələrin bərpasını təmin etmək deyil, həm də əlillik səviyyəsinin azaldılması, pasiyentlərin funksional müstəqilliyinin artırılması, insanın hərəkət imkanlarının maksimum səviyyəyə çatdırılması və reabilitasiyanın sistemli şəkildə vahid protokollar üzrə aparılmasıdır.
Bu gün təqdim etdiyimiz digər mühüm struktur - Sümük İliyi Transplantasiyası Mərkəzidir. Bu mərkəz həyat xilas edən xidmətlərin ölkə daxilində müasir səviyyədə təşkilinə yönəlib.
Azərbaycanda hər il təxminən 150–200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək bu mərkəz həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək.
Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq” – deyə V.Qurbanov qeyd edib.
Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov bildirib ki, Mərkəzin strateji hədəfləri Azərbaycanı regionun robotik reabilitasiya mərkəzi kimi möhkəmləndirmək, beynəlxalq tərəfdaşlarla birlikdə yeni klinik protokollar və təlim proqramları hazırlamaq, qlobal partnyorlarla birgə innovativ texnologiyaların tətbiqini genişləndirmək, fizioterapiya və reabilitasiya üzrə kadr hazırlığına töhfə vermək, post-stroke, travmatik beyin zədəsi (TBI), ortopedik və pediatrik reabilitasiyada yeni yanaşmalar yaratmaq, həmçinin Mərkəzdə aparılan klinik fəaliyyətləri elmi tədqiqat və akademik işlərlə dəstəkləməkdən ibarətdir:
“Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidissiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir.
Bütün bu xüsusiyyətləri ilə Mərkəzimiz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyət göstərir”.
Sümük İliyi Transplantasiyası Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən Yeni Klinikanın direktoru Barat Yusubov qeyd edib ki, Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək:
“Azərbaycanda bütün dünyada olduğu kimi həm böyüklər, həm də uşaq yaşlı pasiyentlər arasında leykemiya, talassemiya, aplastik anemiya, limfoma və mielom kimi hematoloji-onkoloji xəstəliklərə geniş rast gəlinir. Yeni Sümük İliyi Transplantasiya Mərkəzinin açılması xəstəxanamızın klinik imkanlarını genişləndirməklə yanaşı, ölkəmizdə hematoloji sahənin inkişafına strateji töhfə verəcək.
Mərkəz beynəlxalq elmi-tədqiqat mərkəzləri, transplantasiya cəmiyyətləri və təlim proqramları ilə əməkdaşlığı fəal şəkildə davam etdirəcək. Bu əməkdaşlıq həm klinik təcrübənin artırılmasına, həm də regional səviyyədə transplantasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək”.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
"Cebheinfo.az"