AZ

2026-cı il büdcəsinin 8.7 milyard manatı müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq-deputat

Milli Məclisin iclasında çıxış edən deputat Rizvan Nəbiyev 2026-cı ilin dövlət büdcəsində Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcəyini deyib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, 

bəzi dövlətlərdə, səfirliklə yanaşı, konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər:

 “Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər”.

R.Nəbiyev qeyd edib ki, aktual 120 münaqişə ocağının yaratdığı təhdidlər səbəbindən dünya əhalisinin hər 8 nəfərindən birinin ərzaq təminatında problem var: “Bu çağırışlara rəğmən, Azərbaycan təhlükəsizlik və müdafiə imkanlarını gücləndirir. 2026-cı il büdcəsinin beşdə bir hissəsi - 8.7 milyard manat - müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq. Bu, 2024-cü illə müqayisədə 33% çoxdur. Şanlı zəfərimiz nəticəsində, bölgədə yeni siyasi reallıqlar yaranıb. Azərbaycan Ermənistanı səngərdən diplomatik masaya gətirməyi bacardı. Vaşinqton razılaşmaları Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün təmin edilməsi istiqamətində dönüş yaratdı. Prezident Trampın “Böyük lider”, Prezident Tokayevin “tarixi miqyasda görkəmli dövlət xadimi” kimi dəyər verdiyi Prezident İlham Əliyevin fəaliyyətləri sitat “Azərbaycanın rifahına və beynəlxalq şəraitin sağlamlaşdırılmasına xidmət edir”. 

Deputat dedi ki, təkcə Şərqi Zəngəzur və Qarabağın bərpası və inkişafı üçün 2026-cı il də daxil olmaqla 26.5 milyard manat məbləğində vəsait ayrılıb: “Prezidentimiz müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub və167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bu gün qətiyyətlə deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ qlobal miqyasda ən böyük tikinti meydançasıdır. Malik olduğu strateji mövqeyə görə bəzi ərazilərdə yaradılan infrastruktur layihələri dual xarakterlidir, mülki olmaqla yanaşı ölkəmizin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə xidmət edir. 

Büdcə layihəsində 549 milyon manat beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrılıb. Bu vəsait Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün maliyyə təminatıdır”.

E.Paşasoy,

Musavat.com 

Seçilən
20
musavat.com

1Mənbələr