AZ

Özünüməşğulluq proqramı - işsizlikdən kiçik sahibkarlığa çıxış imkanı 

"Əvvəllər işsiz idim, heç bir peşəm, ixtisasım da yox idi. Özünüməşğulluq proqramının dəstəyi ilə indi artıq mənim kiçik biznesim, qazancım var. Mən və mənim kimi neçə-neçə insan bu proqram vasitəsilə işsizlikdən kiçik sahibkarlığa çıxış imkanı əldə etdik. Dövlətin dəstəyi ilə qurduğumuz təsərrüfatı ailə üzvlərimlə birgə daim böyütməyə çalışıram". Bu sözlər Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının iştirakçılarının fikirlərini özündə ifadə edir.

Dövlətimizin başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı mühüm yer tutur. Ötən dövrdə xüsusilə  də qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, daim genişlənən investisiya layihələri yeni iş yerlərinin yaradılması prosesinin davamlı xarakter almasına səbəb olub. Bu proseslər, eyni zamanda işəgötürənlərlə birgə həyata keçirilən və daim genişlənən aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı istiqamətində mühüm  addımların atılmasına imkan verib. 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min, bu ilin 10 ayında isə 158 min şəxs münasib işlərlə təmin edilib.

Bu gün əhalinin məşğulluğunun təmin edilməsində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan, mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən özünüməşğulluq proqramı mühüm rola malik olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 

2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı dövlətimizin başçısı özünüməşğulluq proqramından da bəhs edərək demişdir: "Sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni bütün bu sahələri əhatə edən bir sahədir".

Qeyd edək ki,  özünüməşğulluq proqramına cəlb olunanların illik sayı son illərdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. Bu ilin 10 ayında daha 16,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslər nəinki məşğulluq imkanı, həm də dövlətin dəstəyi ilə kənd təsərrüfatı, istehsal və xidmət yönümlü kiçik təsərrüfat sahibi olmaq imkanı qazanırlar. Ötən dövrdə ümumilikdə 112400 nəfərdən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. 

Onlardan biri də Altay Qoşnalızadədir. Özünüməşğulluq proqramı üzrə "Səyyar kofe evləri" layihəsinin iştirakçısı olan Altay Bakıda məcburi köçkün həyatı yaşayarkən barista kimi çalışaraq, ailəsinə maddi cəhətdən dəstək olub. Daha sonra isə Böyük qayıdış proqramı çərçivəsində öz doğma yurduna - Laçına qayıdıb. Burada məşğulluğunun təmin olunması məqsədilə Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Davamını özü qeyd edir: "Laçında da barista kimi işləmək istəyirdim. Ancaq lazım olan avadanlığım yox idi. Bunun üçün agentliyə müraciət etdim. Müraciətimin üzərindən cəmi 2 ayadək vaxt keçdi və məni avadanlıqlarla təmin etdilər. Hazırda burada barista kimi işləyirəm və işlərim də çox yaxşıdır. Laçına çoxlu turistlər gəlir və mən onlara xidmət göstərirəm. Qazancım da, maşallah, yaxşıdır".

Proqramın ilk mərhələsi kimi, yəni aktivlərin verilməsindən əvvəl benefisiarlar təlimlərə cəlb edilirlər. Bu təlimlərdə onlar quracaqları kiçik bizneslərin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimlərdən sonra isə özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunaraq dövlətin dəstəyi ilə kənd təsərrüfatı, istehsal və xidmət yönümlü kiçik təsərrüfatlarını qururlar.  

Beləliklə, bir qədər əvvəl işsiz və işaxtaran olmuş şəxslər bu proqrama cəlb edilərək artıq öz işlərini qurur, zəhmətləri ilə gəlir imkanları qazanır, təsərrüfatlarını daim genişləndirməyə çalışırlar.   

Mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləyən özünüməşğulluq proqramı aztəminatlı ailələrin ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasına imkan yaradır. Bununla yanaşı, proqram iştirakçısı üçün vacib hədəf qurduğu kiçik biznesinin  dayanıqlığına, inkişafına, genişlənməsinə nail olmaqdır. Qurulan həmin kiçik təsərrüfatların genişlənməsi onlara öz təsərrüfatlarında yeni işçilərin qəbul edilməsinə imkan verir. Özünüməşğulluq proqramının artıq bir çox iştirakçıları buna nail olaraq, qurduqları kiçik biznes sahələrini genişləndirməklə, özlərinə yeni işçilər də götürüblər.  

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib: "Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub".

Son illər özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub, proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası xeyli genişlənib. Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı, istehsal və xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə aktivlər təqdim edilir. 

Onu da vurğulayaq ki, proqram çərçivəsində şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərə əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır. Bu da onların əmək bazarında iştirak səviyyəsinin artırılmasına, onlarda özünəinamın yüksəlməsinə səbəb olur. Yeri gəlmişkən, şanlı tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 13400-dək şəxsin proqrama cəlb olunaraq kiçik bizneslərinin qurulması təmin edilib.  

Proqramın iştirakçılarından olan Ramil Atakişiyev şəhid atasıdır. Onun oğlu Toğrul Atakişiyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. İxtisasca dərzi olan Ramil Atakişiyev Dövlət  Məşğulluq Agentliyinə də özünüməşğulluq proqramının "Kiçik dərzi sexi" zərfi üzrə müraciət edib. "Mənim bütün avadanlıqlarımı yenilədilər. Hazırda da həmin avadanlıqları işlədirəm və heç bir problem yoxdur, işlərim də çox yaxşıdır", - deyə şəhid atası bildirir.

Ümumilikdə isə ötən dövrdə 3800 nəfərdən çox şəhid ailəsi üzvü və 10 min nəfərdən çox müharibə iştirakçısı özünüməşğulluq proqramı ilə əhatə olunub. 

Özünüməşğulluq proqramı işğaldan azad edilmiş ərazilərimizdə də uğurla icra olunur. Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərlə hələ köçürülməzdən əvvəl Dövlət Məşğulluq Agentliyi məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirir. 

Bu görüşlər zamanı onların hansı aktiv məşğulluq proqramlarına cəlb ediləcəyi müəyyənləşdirilir. Sakinlər belə proqramlardan biri kimi  potensiallarına uyğun olaraq özünüməşğulluq proqramına da cəlb edilirlər. Köçürülən sakinlərdən artıq 556 nəfərə mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik bizneslər yaradılıb.

Onlardan biri də Xankəndi şəhər sakini Elmir Hümbətovdur. O, özünüməşğulluq proqramının "Avtoyuma" zərfi üzrə iştirakçısıdır. Deyir ki, Dövlət Məşğulluq Agentliyinin təmin etdiyi aktivlər sayəsində 2024-cü ildə doğma Xankəndidə öz kiçik biznesini qura bilib: "Agentliyə müraciət etdikdən sonra məni təlim kursuna cəlb etdilər. Lazımi biliklərə yiyələndim. Sonra isə aktivlərlə təmin olundum. Hazırda doğma torpağımda yaşamağımdan qürur duyduğum kimi, burada öz işimi qurmağımdan da çox məmnunam".

Özünüməşğulluq proqramının qabaqcıl beynəlxalq təcrübə əsasında genişlənməsində və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə 2020-ci ildən icrasına başlanılan  "Məşğulluğa Dəstək Layihəsi" önəmli rol oynayır.

Bu layihə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxış imkanına yiyələnməsinə dəstək verir. 2020-2025-ci illəri əhatə edən bu layihənin 22 min işsiz şəxsi əhatə etməsi hədəflənsə də, onun uğurlu icrasının nəticəsi kimi bundan daha çox - 25 mindən artıq benefisiarın bu layihəyə cəlb olunması nəzərdə tutulub. Bu ilin oktyabr ayında isə layihə iştirakçılarının sayı artıq 25 mini ötüb. 

"Məşğulluğa Dəstək Layihəsi" həmçinin həssas qruplara aid şəxslərin Beynəlxalq Əmək Təşkilatının "Öz biznesini başlat və təkmilləşdir" proqramı əsasında maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə keçirilən  təlimlər vasitəsilə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara da yiyələnməsinə şərait yaradır. Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra iştirakçılara istehsal və xidmət sahələri üzrə öz işlərini qurmaları üçün avadanlıqlar verilir. Həmçinin layihə üzrə qurduğu kiçik təsərrüfatlarını uğurla inkişaf etdirənlərə bizneslərini genişləndirmək üçün əlavə dəstək göstərilir. 

"Məşğulluğa Dəstək Layihəsi"nin uğurla icra olunması  beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək ötən il  Dünya Bankının yüksək mükafatına layiq görülüb.

Hazırda özünüməşğulluq proqramının və ona mühüm dəstək olan "Məşğulluğa Dəstək Layihəsi"nin icrası uğurla davam etdikcə, işsiz və işaxtaran şəxslər üçün qurulan kiçik ailə təsərrüfatlarının sayı da daim artır. Onu da bildirək ki, gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində 7 min nəfər olmaqla, ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
65
azerbaijan-news.az

1Mənbələr