AZ

Meksikada mer qətlini təşkil edən şəxs saxlanılıb

BAKI, 20 noyabr. TELEQRAF

Meksikanın Miçoakan ştatında Uruapan şəhərinin merinin qətlini təşkil etməkdə şübhəli bilinən Xorxe Armando saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik və vətəndaş müdafiəsi naziri Omar Qarsia Harfuş keçirilən brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, aparılan araşdırma və qurumlararası koordinasiya nəticəsində Xorxe Armandonun mer Karlos Mansonun öldürülməsini planlaşdıran cinayətkar qrupun təşkilatçılarından biri olduğu müəyyən edilib. O, Miçoakan ştatının Moreliya bələdiyyəsində tutulub.

Araşdırma çərçivəsində cinayətkar qrupun digər iki üzvünün Fernando Xosue N. və Ramiro N. olduğu müəyyən olunub. Onların hücumçu ilə birlikdə hərəkət etdikləri üzə çıxıb. Hər iki şəxs 10 noyabrda Uruapan-Paraco yolunda qətlə yetirilmiş halda tapılıb. İstintaq hesab edir ki, onların öldürülməsi cinayətin üstünün açılmasının qarşısını almağa xidmət edib.

Mərhumların telefonlarında aşkarlanan yazışmalar hücumun koordinasiyasını üzə çıxarıb. Bu məlumatlar cinayətkar qrupun hərəkət istiqamətlərini, məlumat mübadiləsi nöqtələrini və verilən tapşırıqları bərpa etməyə imkan verib.

“El Universal” qəzetinin məlumatına görə, Xorxe Armando N., “Lisençiado” ləqəbiylə tanınan, Miçoakanın dörd bölgəsində Uruapan, Patskuaro, Moreliya və Kuitsioda “Xalisco Yeni Nəsil” narkokartelinin rəhbəri hesab olunur.

Xatırladaq ki, noyabrın 1-də Ölü Günü bayramı zamanı Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində qətlə yetirilmişdi. “El Universal” yazır ki, son 25 ildə Meksikada 119 hazırkı və seçilmiş mer öldürülüb. Miçoakan ştatında isə indiyədək 20 mer cinayətkar qrupların hücumlarının qurbanı olub.

Seçilən
28
teleqraf.com

1Mənbələr