KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Assosiasiyalarının Konfederasiyası) zonasında bir sıra milli komandalar seçmə mərhələnin son turunun nəticələrinə əsasən 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib.
Bu barədə İdman.Biz məlumat yayıb.
Kürasao Yamayka ilə 0:0 hesablı heç-heçə oynayaraq qarşıdakı mundialın iştirakçılarından birinə çevrilib. Haiti Nikaraqua üzərində 2:0 hesablı qələbə qazanıb və 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə əldə edib. Panama isə Salvadoru 3:0 hesabı ilə darmadağın edərək qrupunu birinci pillədə başa vurub.
Eyni zamanda sensasiya baş verib: Keylor Navas və Uqalde ilə çıxış edən Kosta-Rika dünya çempionatına yüksələ bilməyib, qrupun sonuncu pilləsində qərarlaşaraq mübarizədən kənarda qalıb. Yamayka və Surinam isə mübarizəni qitələrarası pley-off mərhələsində davam etdirəcək.
Turun digər oyunlarında Qvatemala Surinam üzərində 3:1 hesablı qələbə qazanıb, Kosta-Rika ilə Honduras 0:0 oynayıb, Trinidad və Tobaqo isə Bermud adalarını 2:1 hesabı ilə məğlub edib.
Teymur Tuşiyev