AZ

WP: Rusiya və Qərb xüsusi xidmətləri Azərbaycanda QRU agentini ələ keçirmək uğrunda gizli mübarizəyə girişib...

Moskva Mıxaylovun Rusiyaya qaytarılması üçün, Qərb isə onun ekstradisiyasının qarşısını almaq üçün Bakıya təzyiq göstərib…

Poliqon xəbər verir ki, The Washington Post Rusiya və Qərb xüsusi xidmət orqanlarının Azərbaycanda gizli şəkildə davam edən nüfuz savaşından bəhs edən geniş araşdırma dərc edib. Məqalədə bildirilir ki, tərəflərin hədəfində ötən il Avropada yükdaşımalar zamanı yanğınlara səbəb olmuş partlayıcı qurğuların hazırlanması və koordinasiyasında iştirakda şübhəli bilinən Rusiya vətəndaşı, GRU ilə əlaqəli olduğu iddia edilən Yaroslav Mıxaylov dayanır.

Qərb ölkələrinin təhlükəsizlik nümayəndələrinin sözlərinə görə, Mıxaylov Avropada istifadə olunan partlayıcı qurğuların dizaynında iştirak edib, əməliyyatların koordinasiyasını həyata keçirib və daha sonra saxta pasportla Azərbaycana qaçıb. Məhz buna görə həm Rusiya, həm də Qərb kəşfiyyat qurumları onu ələ keçirmək üçün Bakı ilə paralel təzyiq və danışıqlar aparır.

WP yazır ki, Mıxaylovun Kreml üçün əhəmiyyətinə görə Rusiya xüsusi xidmətlərinin üç rəhbəri FSB, SVR və QRU-nun direktorları şəxsən Azərbaycana təzyiq göstərib və onun Polşa tərəfindən tələb olunan ekstradisiyası əvəzinə Rusiyaya qaytarılmasına çalışıblar. Eyni zamanda Polşa, Böyük Britaniya, Ukrayna və Litva Mıxaylovun Rusiyaya verilməməsi üçün Bakıya diplomatik təzyiq göstərib.

Məqalə 20-dən çox Qərb təhlükəsizlik əməkdaşı ilə müsahibələrə, eləcə də WP-nin əldə etdiyi istintaq sənədlərinə əsaslanır. Onlardan biri Polşanın İNTERPOL-a göndərdiyi, Mıxaylovun “Rusiya xüsusi xidmətlərinin birbaşa rəhbərliyi altında həyata keçirilən terror əməliyyatlarında” şübhəli kimi axtarılması tələb olunan məxfi məktubdur. Kremlin sözçüsü Dmitri Peskov isə qəzetin sorğusuna “şərh etməyə ehtiyac yoxdur” cavabını verib.

Araşdırmada qeyd olunur ki, Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi onun “hibrid müharibə” strategiyasında belə agentlərin artan rolunu göstərir. Mıxaylovun koordinasiya etdiyi göndərişlərdən biri ötən ilin iyulunda Avropaya hava yolu ilə daşınan yüklərdə aşkarlanmayıb və malların Almaniya, Polşa və Böyük Britaniyada anbarlara çatdıqdan sonra yanğına səbəb olub.

Qərb təhlükəsizlik mənbələri Mıxaylovu “GRU-nun kriminal şəbəkələrdən cəlb etdiyi yeni nəsil agentlərin nümunəsi” adlandırırlar. O, əvvəllər Rusiyada qaçaqmalçılıq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Bakıdan çıxışına qoyulan qadağa ilə ölkəni tərk edə bilmir və faktiki olaraq nəzarət altında yaşayır.

İstintaq həmçinin Mıxaylovun Rusiyadakı əsas əlaqələndiricisi hesab olunan və onlayn mühitdə “Voin” (“Warrior”) təxəllüsündən istifadə edən şəxsin kimliyini də müəyyən edib. Qərb məlumatlarına görə, bu şəxs Killnet adlı rus haker qruplaşmasının üzvü – Aleksey Kolosovskidir. O, GRU ilə birbaşa əlaqələrə malik olmaqda şübhəli bilinir və bu əməliyyatla bağlılığı barədə əvvəllər heç bir məlumat açıqlanmamışdı.

Avropa ölkələrində Mıxaylovun koordinasiya etdiyi şəbəkə üzrə ən azı 20 nəfər terrorçuluq və digər ağır ittihamlarla saxlanılıb. Qərb rəsmiləri onun Rusiyadakı agentlərlə Avropadakı aşağı səviyyəli icraçılar arasında əsas vasitəçi olduğunu, buna görə “hələ də azadlıqda olan ən vacib Rusiya əməliyyatçısı” kimi qiymətləndirildiyini bildirirlər.

Poliqon.info

Seçilən
57
29
poliqon.info

10Mənbələr