“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb.
QSC-dən verilən məlumata görə, yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.
2024-cü ilin qış mövsümü ilə müqayisədə 2025-ci ilin qış cədvəlində reyslərin tezliyi aşağıdakı kimi artırılıb:
– Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkənd – hər istiqamət üzrə həftədə 7 reys (ötən il bu istiqamətlər üzrə 3–5 reys olub);
– Almatı, Ciddə və Astana – hər biri üzrə həftədə 5 reys (daha əvvəl bu marşrut üzrə 2–4 reys yerinə yetirilirdi);
– Barselona, London (Qetvik hava limanı) və Ər-Riyad – hər istiqamət üzrə həftədə 4 reys (ötən il 3 reysədək həyata keçirilirdi);
– Bişkek, Düşənbə, Male və Pekin – hər istiqamət üzrə həftədə 3 reys (daha əvvəl bu marşrut üzrə 2 reys icra olunurdu);
– Səmərqənd və Ürgənc – hər biri üzrə həftədə 2 reys (ötən il bu istiqamətlər üzrə uçuşlar yerinə yetirilmirdi).