Beynəlxalq alimlər yuxu zamanı beynin necə işlədiyini araşdırmaq üçün tarixdə ən böyük məlumat arxivini yaradıb və ictimaiyyətə təqdim edib. Bu arxivə yüzlərlə insanın yuxu zamanı beyin aktivliyinin EEQ və bəzi hallarda MEQ qeydləri, həmçinin oyanar-oyanmaz gördükləri yuxular haqqında danışdıqları məlumatlar daxildir. İlk nəticələr göstərib ki, şüurlu yuxular yalnız sürətli yuxu (REM) fazasında yox, dərin yuxu mərhələlərində də baş verə bilər. Çünki bu anlarda beyin qəfil oyaqlığa bənzər aktivlik nümayiş etdirir.
Redaktor.az xəbər verir ki, bu haqda məlumat "Nature Communications" jurnalında dərc olunub.
Məlumatlar 505 könüllüdən toplanmış 2600-dən çox oyanma epizoduna əsaslanır. Hər oyanmadan sonra iştirakçı yuxu görüb-görmədiyini, gördüsə nə qədər xatırladığını deyib. Bu məlumatların müqayisə edilə bilməsi üçün alimlər vahid təsnifat sistemi yaradıblar. Tədqiqat təsdiqləyib ki, ən çox yuxu REM fazasında olur. Yuxu dərinləşdikcə yuxu görmə halları azalsa da, ən dərin N3 mərhələsində belə bəzən yuxular qeydə alınıb.
Alimlərin yaratdığı analiz alqoritmi maraqlı bir nüansı üzə çıxarıb: yuxu görüldüyü deyilən oyanmalardan bir qədər əvvəl beyin çox vaxt “yarı oyaq” vəziyyətə keçir və aktivlik oyaqlığa bənzəməyə başlayır. Bu isə beynin yuxu və oyaqlıq arasında yerləşən hibrid iş rejimlərinin mövcudluğunu göstərir.
Xədicə BAXIŞLI