AZ

“Zəngəzur dəhlizi Orta Dəhlizin və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas nəqliyyat arteriyası olacaq" -Azər Badamov

"Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ərsəyə gətirilmiş Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizi beynəlxalq tranzit mərkəzinə çevirmişdir. Hər il ölkəmizin ərazisindən daşınan tranzit yüklərin həcmi artmaqdadır. Bu gün Şərqi Avropa, Baltikyanı ölkələrdən və Rusiyadan gələn yüklər Fars körfəzinə qədər ölkəmizdən daşınır. 2030-cu ilə qədər Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin 30 milyon tona çatdırılması hədəflənmişdir. Eyni zamanda, Asiyadan Avropaya qədər tranzit daşımalarında Orta dəhlizin rolu gündən-günə artır. Keçən il bu dəhlizlə daşımalarda 90% artım əldə olunmuş və daşınan yüklərin həcmi 5 milyon tona çatmışdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Orta Dəhlizin artan rolundan danışarkən bildirdi.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri də Orta Dəhlizdən istifadə edərək əməkdaşlıq imkanlarını genişləndirir:

"Belə ki, 2024-cü ildə 2023-cü ilə nisbətən Mərkəzi Asiya ölkələrindən Orta Dəhlizlə daşınan yüklərin həcmi 87,5% artaraq 1,3 milyon ton olmuş, cari ilin 9 ayında isə bu həcm artıq 1 milyon tonu keçmişdir. Bu, Orta dəhlizin Mərkəzi Asiya üçün artan marağını bir daha göstərir. Təbii ki, Zəngəzur dəhlizi Orta Dəhlizin və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas nəqliyyat arteriyası olacaqdır.

Azərbaycan və Mərkəzi Asiya artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilmişdir. Azərbaycan və Mərkəzi Asiya, Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Azərbaycanın ərsəyə gətirdiyi tranzit nəqliyyat dəhlizləri, bu körpünün əhəmiyyətini gündən-günə artırır. Belə ki, Xəzər dənizindəki ən böyük gəmi donanması, 25 milyon ton yük açma gücünə malik Ələt Beynəlxalq Ticarət Dəniz Limanı, yük keçirmə qabiliyyəti 5 milyon ton olan Bakı-Tbilisi-Qars dəmir yolu, açılışın 1-ci mərhələsində 15 milyondan çox yükün keçirilməsi proqnozlaşdırılan Zəngəzur dəhlizi, 9 beynəlxalq hava limanı və regionun ən böyük karqo hava donanması ilə Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə qədim İpək Yolunu bərpa edərək Orta Dəhliz yaratmışdır".

Deputat qeyd etdi ki, tranzit logistik dəhlizlərindən keçən ölkələrə hər zxaman əlavə gəlirlər gəlir.

"Bu baxımdan, Azərbaycan dost və qardaş Asiya ölkələrinə tranzit potensialını artırmaqla əlavə gəlirlərin əldə edilməsinə töhfə verir. Bir platformada olmamız ölkələrimiz arasında ticari əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Çünki Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticari-iqtisadi əməkdaşlıqda istifadə olunmamış potensial böyükdür. Sonda qeyd etmək olar ki, ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə bir platformada təmsil olunmaqla münasibətlərimizi daha da möhkəmləndirəcək və gələcəkdə xalqlarımıza faydalar gətirəcək daha böyük layihələrə imza atacaqdır. Birliyimiz gücümüzdür!", - deyə Azər Badamov vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
53
50
redaktor.az

10Mənbələr