AZ

Türkiyədə“Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirildi

BAKI, 17 noyabr. TELEQRAF

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib və kitabın əhəmiyyətindən danışıb: “Tarixi əhəmiyyət daşıyan bu əsərin təqdimatı çox önəmlidir. Kitabın Azərbaycanın Milli Dirçəliş Günündə təqdim edilməsi xüsusilə anlamlıdır. Bu gün bütün dünyada yaşayan türklərin bayramıdır.

Torpaqlarımızın 20 faizi uzun illər işğal altında idi. 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün statusunda yaşamağa məcbur qalmışdı. Birinci Qarabağ müharibəsində 20 min şəhid, İkinci Qarabağ müharibəsində isə 3000-dən çox şəhid verdik. Azərbaycan xalqı bu dövrdə böyük qəhrəmanlıq göstərdi. 2020-ci ildə aparılan Vətən müharibəsində torpaqlarımızı azad etdik. Bu, güclü siyasətin, dövlətin və millətin tarixi qələbəsidir".

Diplomat qeyd edib ki, kitab Azərbaycan həqiqətlərinin çatdırılmasında mühüm rol oynayacaq: “Ümid edirəm ki, bu kimi layihələr davam edəcək. Kitab üzərində çox dəyərli alimlər çalışıb".

Tədbirdə çıxış edən Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç vurğulayıb ki, “Daşları toplama zamanı” intiqam hissi ilə yazılmış, şovinist və revanşist bir tarix kitabı deyil: "Azərbaycan türklərinin öz yetkinliklərini isbat etmək üçün yazılmış utopik bir xəyal kitabı da deyil. “Daşları toplama zamanı” sovet rus imperiyasının çəkdiyi süni sərhədlərin, Qərb və bəzi region ölkələrinin uydurma soyqırım iddiaları ilə Türkiyənin ayağına daş bağlamağa çalışarkən, Şərqi Anadoludakı erməniləri İrəvana yerləşdirərək Azərbaycan mədəniyyətinin və torpaqlarının necə mənimsənildiyinin tarixi sənədidir. Bu gün isə saxta tarixi sənədlərlə ört-basdır edilməyə çalışılır. Ermənistan ərazisindəki Azərbaycan mədəni irsi sistemli şəkildə silinir, azərbaycanlılar tərəfindən inşa edilmiş saraylar, məscidlər, qalalar, karvansaralar, kəndlər və şəhərlər dağıdılır. Bu, açıq şəkildə mədəni soyqırım və vandalizmdir.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev birinci dərəcəli diplomat və dövlət xadimidir. Çünki İkinci Qarabağ Vətən Müharibəsinin qalibi olduqdan sonra israrla sülh müqaviləsinin tezliklə imzalanması üçün təşəbbüslər göstərib. Amma qalib dövlət başçısı kimi tarixi həqiqətləri açıq şəkildə və yüksək diplomatik ustalıqla deməkdən çəkinməyib. Onlardan biri də Qərbi Azərbaycanın adını çəkməsidir",- deyə S.Karakılıç əlavə edib.

Tədbirdə Qazi Universitetinin rektor müavini Necdet Hayta, "İrs" jurnalının baş redaktoru, publisist Musa Mərcanlı kitabın önəmindən danışıblar.

Seçilən
13
teleqraf.com

1Mənbələr