Bu gün dünya futbol ulduzları Tofiq Bəhramov adına Respuiblika stadionunda meydana çıxacaq.
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turundakı rəqibi Fransa seçməsidir.
5 oyundan sonra aktivinə cəmi 1 xal yazdırmağı bacaran yığmamızı çətin sınaq gözləyir. Matçın favoriti qonaqlar olsa da, sürpriz qaçılmaz deyil.
Oyundan əvvəl Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi Anatoli Nuriyev qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
“Bizim üçün çətin oyun olacaq. Rəqibin heyətində Avropanın yox, dünyanın ən güclü futbolçuları cəmlənib.
Bunu hər kəs yaxşı bilir. Lakin ümidsiz deyilik.
Zərrə qədər də şansımız varsa, həmin şansın dalınca qaçacağıq. Məqsədimiz seçmə mərhələni uğurlu nəticə ilə başa vurmaqdır.
Öz meydanımızda oynayırıq. Mümkün olan hər şeyi edəcəyik. Allahın köməkliyi ilə nəsə edə bilərik”.
Bu axşam keçiriləcək görüşün start fiti saat 21:00-da çalınacaq.
HƏBİB