Bakı, 14 noyabr, AZƏRTAC
2025-ci ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 66,7 milyard manat olmaqla 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi dəyərin 78,9 faizini pərakəndə ticarət dövriyyəsi, 17,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,9 faiz artaraq 64 milyard manata bərabər olub, onun 44,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 651,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,2 manat çox vəsait xərcləyib.