Hədə-qorxu ilə tələb etmə, qətl, dələduzluq, ümumilikdə Cinayət Məcəlləsinin on maddəsi ilə təqsirləndirilərək İnterpolun axtarışına verilən İlham Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıdan məhrum edilib.
Təqsirləndirilən İlham Məmmədov Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin evinin qarşısında döyülərək qətlə yetirilməsində, həmçinin quldurluqda, oğurluqda, dələduzluqda təqsirli bilinir.
İlham Məmmədov barəsində Ukraynada axtarış elan olunub və o, 2015-ci ildə Lənkəranda saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 126.3-cü ( Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 180.2.1- ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.3-cü (Soyğunçuluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 180.2.4-cü (Soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 180.2.5-ci (Soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 182.3.3-cü (Hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.