AZ

Suriya ABŞ razılaşması: Regionda “dirəniş oxu” qırılır

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Suriya lideri Əhməd Əl Şaraanın Vaşinqtona səfəri Yaxın Şərq siyasətində uzun illərdən sonra ən ciddi hərəkətlilik yaradan hadisələrdən biri kimi dəyərləndirilir. Səfərin nəticəsi olaraq əldə olunan razılaşmalar təkcə ABŞ–Suriya münasibətlərinin normallaşmasına xidmət etmir, həm də bölgənin geosiyasi düzənini yenidən formalaşdıracaq gücdədir.

Bu görüşdə əldə olunan ən mühüm razılaşmalardan biri ABŞ-nin uzun illər Bəşər Əsəd dövründən qalma ağır sanksiyaları aradan qaldırmasıdır. Vaxtilə Suriyanın iqtisadiyyatını iflic edən bu sanksiyalar enerji ixracından tutmuş bank-maliyyə əməliyyatlarına qədər hər sahəyə təsir göstərirdi. Onların ləğvi Suriyanın beynəlxalq iqtisadi sistemə qayıdışını və ölkənin iqtisadi nəfəs almasını təmin edir.

Sanksiyaların aradan qaldırılması Suriyanın iqtisadi-siyasi xəritəsində ciddi dəyişikliklərə yol açacaq. Enerji sektoru uzun illər blokada altında qaldığından Suriya neft və qaz ixracı edə bilmirdi. İndi ABŞ-nin açdığı bu qapı Suriyanın enerji bazarına yenidən çıxmasına, fəaliyyətini bərpa etməsinə, investisiyaların ölkəyə qayıtmasına şərait yaradır. Bu, həm iqtisadi sabitlik, həm də müharibədən sonrakı bərpa mərhələsi üçün yeni imkanlar deməkdir.

Bu razılaşmaların Suriya üçün yaratdığı digər böyük üstünlük İsrail tərəfindən işğal olunan Colan Təpələri məsələsində Vaşinqtonun ilk dəfə olaraq Dəməşqə daha yaxın mövqe nümayiş etdirməsidir. Colan və ətrafındakı su ehtiyatları hazırda İsrailin nəzarətindədir və Suriya üçün həm strateji, həm də iqtisadi dəyərə malikdir. Əhməd Əl Şaraa görüşdən qayıtdıqdan sonra verdiyi bəyanatda - “Vaşinqton artıq Suriyanı dəstəkləyir və buna görə də İsrail masaya oturmalıdır” - sözləri ilə ABŞ dəstəyinin real siyasi təminata çevrildiyini göstərdi. Bu açıqlama həm regionda güc balansının dəyişdiyini, həm də Suriya diplomatiyasının yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Enerji bazarına çıxışın açılması həm də ABŞ üçün əhəmiyyətlidir. Vaşinqton Yaxın Şərq enerji bazarlarında təsirini genişləndirmək və regiondakı enerji logistikası üzərində nəzarəti artırmaq xəttini güdür. Suriya üzərindən açılan bu kanal ABŞ-yə həm yeni strateji mövqelər, həm də İranın enerji gücünün balanslaşdırılması üçün əlavə vasitələr təqdim edir. Bundan başqa, Suriya enerji sektoruna daxil olan investisiyalar Vaşinqtonun istədiyi siyasi xəttin möhkəmlənməsini təmin edir.

ABŞ-nin bu razılaşmadan əldə etdiyi ən böyük geosiyasi üstünlüklərdən biri İranın bölgədəki təsirini zəiflətməkdir. Suriya uzun illər Tehranın ən yaxın müttəfiqlərindən biri, “dirəniş oxunun” əsas halqası kimi çıxış edib. ABŞ üçün Suriya ilə əməkdaşlıq bu oxun qırılması, İranın İraq, Livan və Suriya üzərində qurduğu hərbi-siyasi təsirin daraldılması baxımından vacibdir. Vaşinqton beləliklə, həm İranın sərhəd yaxınlığında strateji mövqe əldə edir, həm də Tehranın bölgədəki proksi şəbəkəsini zəiflətmək üçün yeni imkan əldə edir.

Bu proses fonunda bölgədə zəifləyən əsas aktorlardan biri isə Rusiyadır. Rusiyanın Suriyada hərbi bazalarının olması Moskvanın Aralıq dənizindəki strateji varlığının təməlidir. ABŞ-Suriya yaxınlaşması, xüsusilə də Tramp administrasiyasının Şaraa ilə əməkdaşlığa önəm verməsi Kremlin bölgədəki təsir mexanizmini ciddi şəkildə sarsıdır. Moskva Suriyada həm siyasi təsirini, həm də hərbi mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qalır. Bu isə Ukrayna müharibəsi fonunda Rusiyanın təzyiq altında olan resurslarını daha da çətin vəziyyətə salır.

Əhməd Əl Şaraanın Vaşinqtondan qayıtdıqdan sonra İsrailə ünvanladığı mesaj həm də bölgədə yeni diplomatik mərhələnin başlandığını göstərir. O bildirir ki, artıq ABŞ Suriyanın yanındadır və bu səbəbdən İsrail danışıqlara məcburdur. Bu sözlər Suriya-İsrail münasibatlərində tarixi dönüş nöqtəsinin yaxınlaşdığına işarə edir. Suriya ilk dəfə olaraq öz mövqeyini tək güc kimi deyil, ABŞ kimi böyük gücün dəstəyi ilə səsləndirir və bu, regionda yeni siyasi arxitekturanın formalaşmasına yol açır.

Nəticə olaraq, Əhməd Əl Şaraanın Vaşinqton səfəri həm Suriyanın iqtisadi dirçəlişi, həm də bölgədəki siyasi nizamın yenidən qurulması baxımından strateji əhəmiyyətə malikdir. Bu anlaşma Yaxın Şərqdə yeni güc balansı yaradır, İran və Rusiyanın təsirini zəiflədir, İsraili isə diplomatik danışıqlara açıq olmağa məcbur edir. ABŞ-Suriya yaxınlaşmasının nəticələri növbəti aylarda regionda ciddi siyasi proseslərə yol açacaq.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr