AZ

BDU-da iqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III beynəlxalq konfrans keçirilir

Bakı, 13 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kilis 7 Aralık Universitetinin birgə təşkilatçılığı ilə EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfransın açılış mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimində çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov qeyd edib ki, Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında formalaşan əməkdaşlıq münasibətləri təkcə iki ali təhsil müəssisəsini bir araya gətirmir, Türkiyə və Azərbaycan arasında mövcud olan strateji müttəfiqliyin elm və təhsil müstəvisindəki təzahürünü nümayiş etdirir: “Müasir dövrdə iqtisadiyyat sadəcə istehsal və istehlak göstəriciləri ilə ölçülmür. Artıq BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, iqtisadi rifahın davamlılığı, sosial bərabərlik, yaşıl keçid və texnoloji innovasiyalar kimi anlayışlar ölkələrin inkişaf strategiyalarının əsasını təşkil edir. Bu baxımdan Azərbaycan və Türkiyənin iqtisadiyyata aid sahələrində təcrübə mübadiləsi, ortaq araşdırmaların aparılması və birgə layihələrin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. İki universitet arasında qurulan əlaqələr elmi əməkdaşlıq, akademik mübadilə və ortaq tədqiqat istiqamətlərinin inkişafına yönəlib. Qarşıdakı illərdə biz bu əlaqələri daha da genişləndirərək birgə empirik tədqiqatlar aparmaq, iqtisadi modellər üzərində ortaq elmi nəşrlər hazırlamaq və gənc tədqiqatçıların iştirakını təmin etmək niyyətindəyik. Əminəm ki, bu konfrans elm adamlarını bir araya gətirməklə yeni ideyaların yaranmasına, iqtisadi elmlərin müasir çağırışlara cavab verəcək şəkildə inkişafına və iki dost ölkə arasında elmi birliyin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Konfransın Təşkilat Komitəsinin sədri Ali Kestane, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycandakı təmsilçisi Güven Çolak, Türk Sənət Akademiyasının rəhbəri Erhan Ufak, Türkiyə Böyük Millət Məclisinin üzvü Suat Önal, Türkiyə İqtisadi və Maliyyə Araşdırmaları Fondunun (TEMAR) rəhbəri Mehmet Hasan Eken, Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygör çıxışlarında konfransın regional və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verən elmi platforma olduğunu qeyd edib, tədbirin işinə uğurlar arzulayıblar. Qeyd olunub ki, konfransda 33 ölkədən alimlər, tədqiqatçılar, eləcə də dövlət və biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfrans çərçivəsində iqtisadiyyat, dövlət maliyyəsi, biznesin idarə edilməsi, beynəlxalq ticarət və maliyyə, əmək iqtisadiyyatı, logistika, turizm menecmenti, idarəetmə informasiya sistemləri və digər sahələr üzrə elmi məruzələr dinləniləcək və müzakirə olunacaq.

İkigünlük konfrans öz işini sessiya iclasları ilə davam etdirir.

Seçilən
13
3
azertag.az

4Mənbələr