AZ

Eltun Süleymanov: "Müasir dövrdə dövlətə sədaqət yalnız sözlə deyil, əməl və xidmətlə sübut olunur"



Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul etməsi, təkcə kadr dəyişikliyi aktı deyil, dövlət idarəçiliyində yeni davranış modelinin və mənəvi məsuliyyət sisteminin təsdiqi kimi dəyərləndirilir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, dövlət başçısının bu görüşdə söylədiyi “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, bir tərəfdən yeni rəhbərlərə verilən siyasi inamın ifadəsidirsə, digər tərəfdən məmurlardan gözlənilən xidmət fəlsəfəsinin sərhədlərini müəyyənləşdirilməsidir. Bu etimad xalqın rifahı naminə iş görmək, dövlət siyasətinin icrasında şəffaflıq və vicdan prinsiplərinə sadiq qalmaq anlamına gəlir. Yəni xalqa xidmət dövlət məmurunun vəzifəsi deyil, borcudur. Cənab Prezident İlham Əliyev çıxışında açıq şəkildə vurğuladı: “İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq.” Bu fikirdə dövlət idarəçiliyinin əsas fəlsəfəsi ifadə olunur. Xalqdan uzaq məmur anlayışı artıq keçmişdə qalıb. Müasir idarəetmə modeli xalqın arasında olmaq, onun problemlərini bilmək və həlli üçün birbaşa məsuliyyət daşımaq üzərində qurulmalıdır. Cənab Prezidentin bu mesajı bütün bölgələrdə məmurlar üçün aydın siqnaldır: vəzifə kabinetdə deyil, xalqın içində, kənddə, cəmiyyətdə, insanın yanında yerinə yetirilməlidir. Cənab Prezidentin “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” çağırışı, dövlət idarəçiliyində yeni etik mərhələnin başlanğıcıdır. “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını, həm də dövlətimizin siyasətinə ləkə vururlar.” Bu xəbərdarlıq sadəcə nəsihət deyil, dövlətin məmur siyasətinin ideoloji çərçivəsidir. Məmur üçün təvazökarlıq, sadəlik və dürüstlük artıq şəxsi keyfiyyət deyil, xidmətin zəruri şərtidir. Dövlət başçısının vurğuladığı kimi, “əyrilik edən hər bir məmur qanun qarşısında cavab verəcək” – bu, Azərbaycanda şəffaf və ədalətli idarəetmənin dəyişməz prinsipidir. Prezident İlham Əliyev çıxışında son illərdə bölgələrdə aparılan genişmiqyaslı infrastruktur layihələrinin uğurla tamamlandığını qeyd etdi: “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb.” Bu fikir, Azərbaycanın regional inkişaf strategiyasının sosial ədalət və insan mərkəzli istiqamətə yönəldiyini göstərir. Cənab Prezidentin “əsas prinsip sosial ədalət prinsipidir” ifadəsi bu siyasətin mahiyyətini açır. Artıq məqsəd yalnız yollar, körpülər, xəstəxanalar tikmək deyil – bərabər imkanlar yaratmaq, sosial rifahı və insan məmnuniyyətini təmin etməkdir. Cənab Prezident çıxışında açıq şəkildə bildirdi ki, mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət sağlamlaşıb. “Qanunsuz tapşırıqlar verən, qanunsuz varlanmanı özlərinə məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.” Bu cümlə dövlətin etik məsuliyyət siyasətinin və “təmiz idarəçilik” strategiyasının davamı kimi səsləndi. Cənab Prezidentin “əgər kimsə sizə qanunsuz tapşırıq verərsə, dərhal mənə məlumat verin” tapşırığı idarəetmə mədəniyyətində birbaşa hesabat və şəffaflıq mexanizmini möhkəmləndirir. Bu, həm də Prezidentin vətəndaşın yanında, məmurdan yuxarıda yox, məmurla xalq arasında körpü rolu oynayan lider obrazını daha da gücləndirir. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin qarşısında duran əsas vəzifələrdən biri bölgələrdə məşğulluğu artırmaq, miqrasiyanın qarşısını almaq və yerli sahibkarlığı dəstəkləməkdir: “İnsanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir.” Bu, dövlətin sosial siyasətinin iqtisadi dayaqlarını gücləndirən, insanı rifahın mərkəzinə gətirən yanaşmadır. İcra başçıları üçün əsas mesaj isə aydındır – yerli iqtisadi təşəbbüsləri dəstəkləmək, iş yerləri yaratmaq və sahibkarla dövlət arasında etimadı möhkəmləndirmək. Prezident İlham Əliyevin çıxışının əsas fəlsəfəsi “xalqla birlikdə, xalq üçün idarəetmə” prinsipinə əsaslanır: “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır.” Bu, dövlət idarəçiliyində mərkəzləşmiş deyil, ünsiyyətə dayanan modelin təzahürüdür. Yeni təyin olunan icra başçıları üçün bu, təkcə iş prinsipi deyil, həm də xalqla əlaqənin siyasi məsuliyyətə çevrildiyi göstəricidir.
Cənab Prezident İlham Əliyev bu çıxışı ilə məmur kadr siyasətində yeni bir səhifə açdı. O, açıq şəkildə bildirdi ki, xalqın etimadını qazanmaq və onu qorumaq məmurun ən böyük vəzifəsidir: “Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.” Müasir dövrdə dövlətə sədaqət yalnız sözlə deyil, əməl və xidmətlə sübut olunur-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.



Seçilən
53
aia.az

1Mənbələr