“Administrasiyada yenilənmə mərhələsi davam edəcək. Bu istiqamətdə dəyişikliklər gənc nəslin idarəçilikdə, daha da mükəmməlliyini artırır və motivasiya baxımından idarəçilik sistemində islahatların aparılması, dövlətin çıxarlarına xidmət edir”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi ötən gün prezident İlham Əliyevin yeni təyin edilmiş icra başçıları ilə görüşü və verdiyi mesajları təhlil edərkən səsləndirib. O deyib ki, Prezident İlham Əliyevin bu mövzuda işləri daim gündəmdə saxlaması və xüsusi olaraq diqqət mərkəzinə gətirməsi, məmur məsuliyyətini və hesabatlılığını artırır:
“Həmçinin dəyişmək, dövrün tələblərinə uyğun şəkildə işləmək istəməyən məmurların işinə xitam verilməsi istiqamətində də prezidentin bu qəbildən keçirdiyi görüşlərdə fayda var. Prezident İlham Əliyevin verdiyi siqnallar, həmçinin məmurlara vəzifələrinin yalnız formallıqdan ibarət olmadığını xatırladır və işlərini konkret nəticələr üzərində qurmalarını göstərən yol xəritəsi olaraq qəbul edilə bilər. Konkret olaraq prezidentin dedikləri və son təyinatlar müsbət haldır və istər cəmiyyət üçün, istərsə də hakimiyyət orqanlarında çalışan məmurlar arasında məsuliyyətin artırılması, hesabatlılıq, korrupsiya və vəzifədən sui-istifadə hallarının sıfır dözümlülük həddə çatdırılması baxımından çox əhəmiyyətlidir. Bu, struktual dəyişikliklər üçün zəmin yaradır. Paralel olaraq nəticənin tam olaraq uğur qazanması üçün, mesajların gündəlik fəaliyyətə çevrilməsini təmin etmək lazımdır. Mexanizmlərin qurulması və yerlərdə tətbiqi, burda ən vacib komponentlərindən sayılır. Bu baxımdan, bölgələrdəki icra strukturlarında işlərin keyfiyyəti və nəticələr haqda şəffaflıq təmin edilməsi vacib sayılır”.
Anar Əliyev