AZ

Fuad Nəcəfli ilə bağlı açıqlama: “Bütün tenderləri öz qohumlarına, yaxın adamlarına verməyə çalışırdı”

“Cənab Prezident İlham Əliyevin Fuad Nəcəfli ilə bağlı Sərəncamını alqışlayıram. O, iki il bundan qabaq hakimiyyətdən uzaqlaşdırılmalı idi. Naxçıvana gəldi-gəlmədi, Naxçıvanın belini qırdı. Hamı ondan narazı, şikayətçi idi. Təəssüf ki, camaatın sözünü Prezidentə çatdıran yox idi. Bizə deyirdilər. Mən də yazıram, Prezidentə çatdırmırlar. Gərək, vaxtında Prezidentə çatdırardılar ki, bu boyda yeyinti, problemlər ortaya çıxmazdı. Fuad Nəcəfli indiyə qədər Naxçıvana bir çöp də qoymayıb. Bütün tenderləri öz qohumlarına, yaxın adamlarına verməyə çalışırdı. Bakıda da bunu görürdülər, tenderləri ləğv edirdilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış jurnalist Heydər Oğuz deyib.

Heydər

“Təsəvvür edin, vəzifəyə ilk gəldiyi günlər Naxçıvana təkcə tikinti üçün 245 milyon manatlıq vəsait ayrılmışdı, amma bir daş belə qoyulmadı. Hamısını öz adamlarına, yaratdığı saxta şirkətlərə yönləndirmişdi. Bunu audit yoxlamaları nəticəsində təsdiq etdilər, hamısını ləğv etdilər. Sonradan Fuad Nəcəflinin özünün mənimsədiyi nə qədər pulları aşkarladılar. Hesablamalar Palatasının rəyi var idi. Rəydə bildirilirdi ki, Ali Məclis məqsəddən kənar şəkildə milyonlarla pul “yeyib”. Halbuki onlar məqsədəuyğun, təyinatı üzrə xərclənməyib. Fuad Nəcəflinin fəaliyyəti bir il yarımdan çoxdur, ciddi, açıq şəkildə yoxlanılırdı. Onun əməllərində korrupsiya faktları aşkarlanırdı, amma görünür, hansısa səbəblərdən vəzifədə saxlayırdılar. Bilmirəm, niyə bu proses uzanırdı. Bütün hallarda, gec də olsa, uğurlu qərardır”, – o bildirib.

 

Qeyd: Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.

Seçilən
37
1
tribunainfo.az

2Mənbələr