C130 hərbi karqo təyyarəsinə (tam adı Lockheed C-130 Hercules) ilk dəfə 2001-ci iln mart ayında minmişəm. Ankaranın Etimesgut hərbi aerodromundan Makedoniyanın Skopye şəhərinə uçurduq.
Musavat.com-un məlumatına görə, bunu jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006) İbrahim Nəbioğlu bildirib.
İ.Nəbioğlu ardınca qeyd edib: “Mən və operatorum Humay Vəliyevlə Skopyedən avtomobil yolu ilə Kosovaya, Priştinaya gedəcəkdik. Hərbi müxbir kimi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında akkreditasiya olub, Kosovada Beynəlxalq Hərbi Qüvvələrin (KFOR) tərkibində xidmət göstərən 25 azərbaycanlı əsgər harda reportajlar hazırlamalı idik…”
Jurnalist təyyarə barədə aşağıdakıları vurğulayıb: “ABŞ-ın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal edilmiş dörd mühərrikli turboproplu hərbi nəqliyyat təyyarəsi təyinatında “nəqliyyat” olsa da, əsgərlərin uçması üçün çox sərt və komfortsuz bir uçaqdır. Zatən adı da üstündədir – Karqo təyyarəsi. Ancaq təyyarənin içi olduqca geniş, tavanı çox yüksək idi. Yalın divarlarına baxanda özümü Vyetnam savaşına gedən amerikan əsgəri kimi hiss etmişdim. Ancaq təyyarə Türk Ordusunun inventarında idi və bizimlə uçan türk zabitləri Türkiyədəki C130-ların motor və avionikasının modernləşdirildiyini deyirdilər. Skopye yaxın olsa da, hardasa iki saat uçduğumuz yadımdadır. O təyyarədən ağlımda qalan onun tavan yüksəkliyi idi.
Əlimdəki əsgəri “payok”dan bir sendviç çıxarıb, bir dəfə dişləyib kənara qoymuşdum. C130-un içinin nəhəng həcmi məni yaman vahimələndirmişdi.
Yanımdakı albaya bu qədər də iç həcmmi olar deyəndə o gülümsəyərək dünyanın ən etibarlı yük təyyarəsi bu uçaqlardır demişdi…”
Sabiq konsul Türkiyəyə məxsus eyniadlı hərbi təyyarənin dəhşətli qəzaya uğramasını təəssüflə qeyd edib: “Bu gün Bakıdan qayıdan C130 təyyarısinin Azərbaycan-Türkiyə sərhəddində qəzaya uğraması xəbərini eşidəndə təyyarənin o böyük həcmli boşluq gəldi gözümün önünə – O boşluq 20 türk hərbçisini dönüşü olmayan bir boşluğa sovurdu…
Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!”
Musavat.com