AZ

Qalibiyyətin beşinci paradı: Prezidentin strateji mesajları

II məqalə

Həmrəylik və birlik

Dövlət başçısının 5-ci Qələbə Paradından ölkədaxili vəziyyətlə bağlı ifadə etdiyi fikirlər mövcud şərtlərlə yanaşı, strateji vacibliyi şübhə doğurmayan məqamdır. Öncə, Azərbaycan liderinin vurğuladığımız cəhətlə bağlı fikirlərinə baxaq. İlham Əliyev Paradda bəyan etmişdir: “Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”.

Bu tezislərin məna yükü və strateji hədəfləri hazırda bütün dünya dövlətləri üçün aktual bir sosial problemlə sıx bağlıdır. Məsələ müasir cəmiyyətlərdə davamlı (qalıcı) birlik, həmrəylik və sabitliyin təmin edilməsi ilə əlaqəlidir. Təcrübə göstərir ki, hazırda hətta ən inkişaf etmiş və tərəqqi potensialı güclü olan dövlətlərdə belə vurğulanan məqsədə nail olmaq çətindir. Nümunə göstərə bilərik. 

Avropa İttifaqı dünyanın nə potensiallı təşkilatlarındandır (ona dövlət də deyirlər). Müxtəlif manevrlərdən sonra Aİ belə qənaətə gəldi ki, daxili həmrəylik, inteqrasiya və sabitliyə nail olmadan qlobal miqyasda güclü geosiyasi funksiya yerinə yetirmək imkansızdır. Bu, təşkilatın 2015-ci ildə hazırladığı strateji xarakterli məruzədə konkret ifadəsini tapdı. 2016-cı ildə isə Aİ həmin ideyanın xüsusi yer aldığı yeni strateji sənəd hazırladı. 2019-cu ildə vurğulanan istiqamətdə təşkilatın hesabatı dinlənildi və buna “aralıq hesabat” adı verildi. 

Maraqlıdır ki, Avropada gedən bu proseslərə tanınmış filosoflar da ciddi reaksiya verməkdədirlər. Məsələn, Yurgen Habermas neçə illərdir ki, “Avropada həmrəylik” məsələsini strateji anlamı böyük olan problem kimi fəlsəfi və siyasi təfəkkürün gündəminə gətirir.  
Yəni Aİ kimi güclü və potensiallı təşkilat (dövlət) üçün daxili həmrəylik, birlik, sabitlik aktuallıq baxımından ilk sıradadır. Türkiyə üçün də bu məsələnin son dərəcə aktual olduğu “Terrorsuz Türtkiyə” layihəsindən aydın görünür. Çoxlu sayda başqa nümunələr də göstərə bilərik. 

Bütün bunların fonunda Azərbaycan dövlət başçısının Hərbi paraddan verdiyi həmin mesajın ölkədaxili cari vəziyyətlə onun strateji kontekstdə daha da güclənməsi baxımından çox mühüm tezis olduğuna tam əmin oluruq! Bununla yanaşı, bizim üçün son dərəcə vacib olan bir mənəvi, mədəni, ideoloji və psixoloji özəlliyə diqqət yetirmək gərəkdir. 

Vətənə sevgi: yüksək mənəvi keyfiyyət

Qalibiyyətimizdə Vətənə sevginin yüksək mənəvi keyfiyyət kimi dörd əsas aspektin hər birinə birbaşa aidiyyatı vardır. Nəyi nəzərdə tutduğumuzun daha aydın olması üçün Azərbaycan dövlət başçısının Paraddakı nitqindən yuxarıda gətirdiyimiz iqtibasın məna yükü kontekstində başqa bir fikrə baxaq. Prezident İlham Əliyev 44 günlük qalibiyyət savaşının yekununu yığcam belə ifadə etmişdir: “Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”!

Əlbəttə, bu tarixi nailiyyəti təmin edən faktorlar çoxdur. Lakin başlanğıcda azərbaycanlının fədakarlığı,  inamı, Vətənə sevgisi, dövlətçiliyə bağlılığı olmasa idi, ən güclü plan belə reallaşa bilməzdi. Çünki fəaliyyət olmadan ideya həyata keçmir. Onu da nəzərə almaq gərəkdir ki, Prezidentin vurğuladığı dörd faktor-komponent sosial-mədəni baxımdan ümumi anlama malikdirlər. Belə ki, ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin kompleks halda bərpası mütləq surətdə mənəvi-əxlaqi faktorlarsız mümkün deyildir. Buna görədir ki, ərazi bütövlüyünün bərpasını milli ideya səviyyəsinə yüksəldən dövlət üçün, buna nail olmanın mənəvi, ideoloji, əxlaqi faktorları çox ciddi əhəmiyyət kəsb etməli idi. 
Problemə bu istiqamətdən yanaşmanın başqa bir aktual anlamı mövcuddur. 

 Əvəzolunmaz ölkə və onun lideri

Həmin anlam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5-ci Qələbə Paradında ifadə etdiyi fikrlərin işığında tarixi həqiqət anı təsiri bağışlayır. Qardaş dövlətin başçısı bəyan etmişdir: “Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik…  

Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm.

İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır”.
Azərbaycan xalqına, ordusuna verilən bu yüksək qiymət, əlbəttə həqiqəti əks etdirir. Bununla yanaşı, həmin fikirlərdə möhtəşəm bir vurğu da diqqətdən yayınmır. Türkiyə Prezidenti “bu böyük Zəfərin memarı və lideri”ni xüsusi qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev sözün tam həqiqi anlamında bu böyük Zəfərin həm memarı, həm də lideridir! 

Bu bağlılıqda Azərbaycan Prezidentinin Paradda ifadə etdiyi bir fikrə diqqət edək. İlham Əliyev nitqində vurğulamışdır: “Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.

Belə alınır ki, Azərbaycanın əvəzolunmaz ölkəyə çevrilməsi kökündə liderin xilasediciliklə quruculuğu fəaliyyətində ehtiva etməsi dayanır. Liderin müsbət nəticə verən proseslərin memarı olması ilə ümumilikdə liderliyi ahəngdar etməsi kifayət qədər mürəkkəb məsələdir. Onun fəlsəfi və politoloji anlamı çoxlu sayda sosial-psixoloji və koqnitiv-məntiqi məqamları özündə ehtiva edir. Biz burada siyasətçinin quruculuğu, xilaskarlığı ilə liderliyinin vəhdətini təmin etməsinə 5-ci Qələbə Paradı kontekstində qısa nəzər salacağıq.

Lider: cəmiyyətlə özünün vəhdəti

Qədim fəlsəfi və psixoloji təlimlərdə lider olmağı birbaşa şəxsin “bütöv olması” şərti ilə əlaqələndirmişlər. Şəxsiyyət kimi bütöv olmaq özü ilə cəmiyyəti (ilk növbətə ətrafı) vəhdətdə görməyi bacarmaq anlamındadır. Bunun üçün lider səmərəli ünsiyyət qurmağı bacarmalıdır. O da tədricən kompetentlik sahəsini genişləndirməyi tələb edir. 

Sürətli dəyişikliklər və xarici təcavüz şəraitində bu, ayrıca məzmun alır. Azərbaycan Ermənistanın təcavüzündən bu yana daima vurğulanan anlamlarda müxtəlif neqativ təzyiqlər altında olmuşdur. Bu da liderin daha çox kompetent sahibi olmasını və toplumla vəhdətə olmağı tələb edirdi. Burada başlıca məqam liderin özünü və ətrafı müşahidəni uyğunlaşdıraraq daim refleksiya edə bilməsi ön plana çıxır. Bununla lider həmişə olduğu situasiyanı adekvat qiymətləndirmək imkanı əldə edir. 

Prezident İlham Əliyevin Paradda ifadə etdiyi “əvəzolunmaz ölkə” ifadəsi məhz həmin prizmada çoxmənalı tezisdir. Ölkənin əvəzolunmazlığının təməlində liderirn əvəzolunmazlığı dayanır. Yəni məhz liderin fövqəl keyfiyyətləri yekunda ölkəni əvəzolunmaz edə bilər. Məsələnin bu aspektini R.T.Ərdoğan diplomatik terminlərlə məharətlə ifadə etmişdir. Onun mənası Azərbaycan Prezidentinin ölkədaxili münasibətlərdə yaratdığı harmoniya aurasını regional, regionlararası və qlobal miqyaslara uğurla proyeksiya edə bilməsi ilə sıx bağlıdır. Bu, islahatçı liderliyin əsas əlamətidir!

Deməli, bu Hərbi parad Prezident İlham Əliyevin postmüharibə mərhələsində uğurlu liderliyinin məntiqi göstəricisidir. Azərbaycan dövlət başçısının fəallığı və uğurlu siyasi mövqeyi 2025-ci il  Parada xüsusi geosiyasi, siyasi və təhlükəsizlik aktuallığı vermişdir!

Beş ilin qüruru

Azərbaycan Prezidenti Paraddakı nitqində əldə edilən nailiyyətlərin bütövlükdə Azərbaycan xalqına yaşatdığı qürur hissini ayrıca qeyd etmişdir. Dövlət başçısı ifadə etmişdir: “Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”.

Ümumiyyətlə, Vətən müharibəsinin fəlsəfəsi kontekstində Qələbənin fərdlərin və toplumun şüuruna və psixologiyasına təsiri məsələsi ciddi məqamlardandır. Çünki dünya tarixi göstərir ki, bir sıra hallarda hətta toplumun belə müharibədə qələbədən “başı gicəllənir” və postümharibə mərhələsində yeni müharibələr aparmağın psixoloji təsiri altına düşür. Bu tendenesiya güclənsə, dövlət və cəmiyyət əldə etdiyi qələbənin bütün mənəvi-psixoloji fəzilətliliyini itirmiş olur. Məzh bu məqamda liderin müdrikliyi ilə sülhsevərliyinin münasibətləri aktuallaşmış olur. Aydın olur ki, Vətən müharibəsini hansı hüdudlara qədər lider təsəvvür edirmiş. Buradan iki istiqamətə çıxış vardır. 

Birincisi, lider postmüharibə mərhələsində Qələbəni dövlətçiliyin, milli maraqların tərəqqisi naminə qarşılıqlı faydalı əməkdaşlıq platformalarına istiqamətləndirir. Bu anlamda Zəfər davam edir! Toplum hərbi qələbədən aldığı yüksək qürurverici enerjini yeni düşmən axtarışına deyil, özünə sevgini artırmağa, qurmağa-yaratmağa, cəmiyyəti tərəqqiyə istiqamətlənməyə proyeksiya edir. Bunu yalnız liderin aparıcılığı və quruculuğu ilə edə bilir!

İkincisi, lider hansısa subyektiv maraqlar naminə bütövlükdə cəmiyyəti və ölkəni aqressiv dalğaya kökləyir. Bununla o, müvəqqəti olaraq hakimiyyətini saxlasa da, dövlətçilik baxımından stratejini uduzur və ölkəni yeni dramatik hallara doğru sürükləyir. Nəticəsi gec və ya tez özünü göstərir. 

Başqa faktlarla yanaşı, 5-ci Qələbə Paradı göstərdi ki, Azərbaycan lideir tam olaraq birinci seçimi etmişdir. Bu, bütövlükdə cəmiyyətin və dövlətin “fəaliyyət ruhu”na təsir etmişdir. Paradın təqdimatı və ümumi gedişi göstərdi ki, həmin tədbir bu konstruktiv və qurucu “dalğa”ya köklənmişdir. 

Vurğuladığımız özəlliyin Paradın dövləçilikdə tutduğu yer baxımından ayrıca təhlili zəruridir. 
 
Füzuli Qurbanov,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

(ardı var)

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr