AZ

SON DƏQİQƏ: Sülh imzalanacaq, bu ərazilər də Azərbaycana qaytarılacaq

Sülh prosesi ilə bağlı gündəmin əsas mövzularından biri də Qazax rayonunun 3 və Naxçıvanın Kərki kəndlərinin Azərbaycana qaytarılmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları və Bakının ardıcıl bəyanatları göstərir ki, danışıqlar artıq Azərbaycanın şərtləri əsasında formalaşır.

Rəsmi Bakı bildirir ki, bu kəndlərin qaytarılması hər zaman prioritet olub və məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həllini tapmalıdır.

Bəs, hazırda bu istiqamətdə danışıqlar hansı mərhələdədir və prosesin yaxın perspektivdə yekunlaşması mümkündürmü?

Cavanşir Abbaslı

Mövzu ilə bağlı NOCOMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, sülh prosesi Azərbaycanın diktə etdiyi şərtlər əsasında gedir:

“Qalib ölkə şərtləri diktə etməlidir və bu, məğlub dövlət tərəfindən qəbul olunmalıdır. Proseslər istənilən halda Azərbaycanın tam xeyrinə doğru irəliləyir. Artıq elə mərhələyə gəlinib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul etməyə məcbur olur. Paşinyanın son açıqlamaları da bunu sübut edir.”

Cavanşir Abbaslının sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə qarşı olan iddialar çıxarılmadan sülh mümkün deyil:

“Paşinyan anlayır ki, ölkələrarası münasibətlərin tam formalaşması üçün Konstitusiyadakı həmin maddələr dəyişdirilməlidir. Azərbaycan tələbdə haqlıdır və Ermənistan buna məcburdur. 8 avqustda Ağ Evdə imzalanan sülh öncəsi paraflanma sənədi də göstərdi ki, Paşinyan artıq münasibətlərin normallaşmasında maraqlıdır. Ermənistanın gələcək inkişafını da bu yolda görür.”

Siyasi şərhçi həmçinin qeyd edib ki, Qazaxın 3 və Naxçıvandakı Kərki kəndi Azərbaycanın əsas prioritetlərindəndir:

“Azərbaycan öz torpaqlarının hər qarışı uğrunda mübarizə aparır. Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi məsələsi hər zaman əsas müzakirə mövzusu olub. Ermənistan tərəfinin Gədəbəydəki Başkənd ərazisini “anklav” kimi təqdim etməsi isə əsassızdır. Bu torpaqlar tarixi baxımdan Azərbaycana məxsusdur və Ermənistanın bu istiqamətdə iddiaları heç bir hüquqi və tarixi əsas daşımır.”

Əziz
Əziz Əlibəyli

Məsələ ilə bağlı danışan digər siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, kəndlərin qaytarılması prosesi zamanı infrastruktur və təhlükəsizlik məsələləri xüsusi diqqət tələb edir:

“Bu kəndlərin qaytarılması ilə bağlı infrastruktur həllini tapmalıdır. Ərazilər Azərbaycana qaytarıldıqdan sonra idarəetmə, təhlükəsizlik və nəqliyyat məsələləri tam şəkildə təmin olunmalıdır. Həmin kəndlərin strateji əhəmiyyəti böyükdür. Çünki bu ərazilər İran–Ermənistan və Ermənistan–Gürcüstan yollarının kəsişdiyi mühüm nəqliyyat arteriyalarında yerləşir. Azərbaycan bu kəndləri geri aldıqdan sonra regiondakı kommunikasiya xətlərinə nəzarət imkanını da artıracaq.”

Əlibəylinin sözlərinə görə, bu istiqamətdə proseslər mərhələli şəkildə həyata keçiriləcək:

“Bu məsələ təkcə ərazi qaytarılması ilə bitmir. Burada mühüm logistika və təhlükəsizlik məsələləri də mövcuddur. Buna görə də prosesin tam reallaşması üçün müəyyən zamana ehtiyac var. Lakin baş verənlər onu göstərir ki, danışıqlar Azərbaycanın maraqları çərçivəsində irəliləyir və nəticə də məhz bu istiqamətdə olacaq.”
Aynurə İsmayıl
NOCOMMENT.az

Seçilən
18
1
nocomment.az

2Mənbələr