Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 10 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin azyaşlı sakinlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Konstitusiya Gününə həsr olunan yarışda 4 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda komandalar müxtəlif sahələri əhatə edən suallara çevik və yaradıcı cavablar verərək biliklərini nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin “Ədalət zəfəri” komandası oyunun qalibi olub. 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin "Şahinlər” komandası ikinci, 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin "Simurq" komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Yarışdan sonra uşaqlar üçün əyləncəli proqram təşkil olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.