AZ

Mübariz Əsgərovun "Zəfərə açılan pəncərə" filmi təqdim edildi

Publisist, Əməkdar jurnalist Mübariz Əsgərovun Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş "Zəfərə açılan pəncərə" filminin təqdimatı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, filmlə bağlı Mübariz Əsgərov təqdimatda qeyd edib ki, Şuşa həbsxanasında işğal vaxtı haqsız yerə yüzlərlə azərbaycanlı əsir və girov saxlanılırdı, erməni separatçılar tərəfindən təhqir olunan bu insanlara ağır işgəncələr verilirdi:

"Sadəcə azərbaycanlı olduqlarına görə. Onların hər birinin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə doludur".

Filmdə bir vaxtlar erməni əsirliyində olmuş şəxsin (Dilqəm Əsgərovun-red.) Şuşa həbsxanasından xatirələri yer alır:

"Hər gecə yuxularımda azad həyatı, öz evimi, doğmalarımı görürdüm. Gözümü açanda əsirlik həyatı başlayırdı. Ona görə yuxudan ayılmaq istəmirdim... Bir gecə top, mərmi səsləri eşitdim...Vətən müharibəsi başlanmışdı. Çox sevindim. Atəş səsləri yaxınlaşdıqca sevincimin həddi-hüdudu yox idi. Bizimkilər Şuşaya, həbsxanaya yaxınlaşırdılar. 44 günlük müharibənin son günlərində məni Şuşa həbsxanasından İrəvan həbsxanasına apardılar. Hiss edirdim ki, məni azad edəcəklər, çünki bizimkilər artıq qələbə qazanmışdılar. Söz sahibi idilər. İnanırdım ki, Azərbaycan məni də əsirlik həyatından xilas edəcək. Elə də oldu. Bir gün mənə dedilər ki, yığış, aeroporta gedirsən. Mən onda bildim ki, azad oluram. Həmin hissləri sözlə ifadə etmək çox çətindir.

Gözlərimə inana bilmirəm. Hətta mənim şəxsi əşyalarım hələ də əzab çəkdiyim bu kameradadır. Onları bir xatirə kimi özümlə götürəcəyəm. Söz tapmağa çətinlik çəkirəm... Ağır çəkiclə sümüklərimi sındırmışdılar, bədənimin çox yerini zədələmişdilər. Tapança ilə dişlərimi sındırmışdılar. Hansını deyim? Həmin zədələrdən sonra mən uzun müddət özümə gələ bilmirdim... İndi azad olsam da həmin zədələr mənə çox əzab verir. Şükürlər olsun bu günə. Qarabağ da azaddır, mən də. Bundan böyük xoşbəxtlik ola bilərmi?"

"Cebheinfo.az"  həmin filmi təqdim edir:

"Cebheinfo.az" 

Seçilən
14
6
cebheinfo.az

7Mənbələr