AZ

Hərbi parad Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlıq münasibətlərinin rəmzi idi - RƏY

Zəfər Gününün 5-ci ilinə həsr olunmuş hərbi parad ölkənin suverenliyini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan, Türkiyə və Pakistan arasında möhkəm dostluq və strateji əməkdaşlıq münasibətlərinin rəmzi idi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, paradın möhtəşəmliyi və təşkilati səviyyəsi həm ictimaiyyət, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib: 

"Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı xüsusilə diqqət çəkdi. Bu iştirak sadəcə protokol xarakteri daşımayıb, həm də ciddi siyasi və strateji mesajlar verdi. Hər üç ölkənin liderlərinin çıxışlarında sülh, və birgə təhlükəsizlik məsələləri ön planda oldu. İlham Əliyev, Ərdoğan və Şahbaz Şərifin çıxışlarında verilən mesajlar göstərdi ki, bu ölkələr bir-birinin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir, eyni mövqedən çıxış edirlər. Bu həm də birgə təhlükəsizlik konsepsiyasının formalaşdığını sübut edir. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları ilə hava nümayişi, Pakistan və Türkiyə əsgər və zabitlərinin paradda iştirakı tədbirə xüsusi rəng qatdı və ölkələr arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi".

Bu tədbirin enerji və nəqliyyat layihələrinin təhlükəsizliyinə, bölgədə iqtisadi inkişaf və sabitliyə verilən önəmi də bir daha vurğuladığını deyən deputat qeyd edib ki, strateji əməkdaşlıq yalnız hərbi sahəni deyil, təhsil, texnologiya, iqtisadiyyat və müdafiə sənayesi kimi sahələri də əhatə edir: "Hərbi parad Azərbaycan, Türkiyə və Pakistanın bir-birinə dayaq olduğunu, beynəlxalq arenada da birgə mövqe tutduğunu nümayiş etdirməklə yanaşı, dostluğun, qarşılıqlı hörmətin və sarsılmaz həmrəyliyin simvoluna çevrildi".

Seçilən
3
4
hit.az

5Mənbələr