AZ

Fransa Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin çatışmazlığı ilə üz-üzədir  

Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Jerom Bellanje ölkənin hava donanmasının uzunmüddətli döyüş qabiliyyətini qorumaq üçün döyüş təyyarələrinin sayının artırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud təyyarə parkı artıq imkanlarının fövqündə işləyir və buna görə də Fransa davamlılıq üçün gücünü genişləndirməlidir.

AZƏRTAC xəbər verir ki, Evröksdə keçirilən təqdimatda çıxış edən general Bellanje hazırda Hərbi Hava Qüvvələrinin ixtiyarında 185 döyüş təyyarəsi olduğunu bildirib. Qeyd edib ki, bu say təlimlər, sınaqlar və əməliyyat missiyalarını nəzərə alanda ölkənin real ehtiyaclarını ödəmək üçün kifayət etmir. “Təlim, sınaq və əməliyyat missiyalarını nəzərə alanda mənə azı 230 döyüş təyyarəsi lazımdır”, — deyə general qeyd edib.

O, həmçinin resursların bölüşdürmə prinsiplərinə yenidən baxılmasını təklif edib, çünki Hərbi Hava Qüvvələri hazırda imkanlarını xeyli aşan tələblərlə üzləşib. “Rafale” qırıcıları intensiv şəkildə istifadə olunur. Aviasiya həm daxildə, həm də xaricdə, o cümlədən Polşa səmasında patrul missiyalarına cəlb edilir. Belə əməliyyatlar Polşa hava məkanına Rusiya mənşəli dronların daxil olması ilə əlaqədardır. Nəticədə təyyarələr həddən artıq yüklənir və sürətlə köhnəlir, bu da Hərbi Hava Qüvvələrinin ümumi döyüş qabiliyyətinə mənfi təsir göstərir.

Təyyarə ehtiyacı yeni məsələ deyil. 2025-ci ilin əvvəlində ovaxtkı müdafiə naziri və hazırkı Baş nazir Sebastyən Lökornü 20-si Hərbi Hava Qüvvələrinə, 10-u Dəniz Donanması üçün 30 yeni “Rafale” alınmasının vacibliyindən danışmışdı.

Bununla belə, 2026-cı ilin hərbi büdcəsində ümumi xərc 13 faiz artırılsa da, əlavə “Rafale” sifarişləri hələlik planlaşdırılmayıb. Müdafiə naziri Katerin Votrən bildirib ki, 2024–2030-cu illər üçün hərbi proqram qanunu payızın sonuna qədər yenilənəcək.

General Bellanje yalnız təyyarə sayından söhbət açmayıb, o, həm də hava müdafiə sistemlərinin məhv edilməsi üçün raket arsenalının möhkəmləndirilməsinə diqqət çəkib. Xüsusi olaraq aerobalistik raket əldə edilməsinin — məsələn, İsrail tərəfindən İran əleyhinə əməliyyatlarda istifadə olunan “Silver Sparrow” tipli silahların — müzakirə olunduğunu qeyd edib.

Hərbi ekspertlərin fikrincə, Fransa üçün hava donanmasının gücləndirilməsi həm NATO çərçivəsində öhdəliklərin yerinə yetirilməsi, həm də Avropanın müdafiə qabiliyyətinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyır. Hazırda ölkə ambisiyalarla büdcə məhdudiyyətləri arasında tarazlıq tapmağa çalışır, lakin general Bellanjenin xəbərdarlığı aydındır: “Əgər bu gün hərəkətə keçməsək, sabah səmanı qorumaq daha çətin olacaq”.

Seçilən
4
4
azerbaijan-news.az

5Mənbələr