AZ

Mahir Emreli meydana çıxdı, zədə aldı, erkən əvəzləndi

Futbol üzrə Azərbaycan milli komandasının və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli zədələnərək sıradan çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 12-ci turunda Berlin “Herta”sına qarşı keçirdikləri oyunda meydana daxil olsa da, matçı davam etdirə bilməyib.

Baş məşqçi Torsten Liberknext uzun fasilədən sonra Emreliyə şans verib. O, doğma meydanda baş tutmuş bu qarşılaşmanın 63-cü dəqiqəsində oyuna daxil olub, lakin zədə səbəbindən 77-ci dəqiqədə əvəzlənib. Meydanı tərk edərkən hücumçunun göz yaşlarını saxlaya bilməməsi diqqətdən yayınmayıb.

Xatırladaq ki, Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsində 13 noyabrda İslandiya, 16 noyabrda isə Fransa ilə oyunları var. Ehtimal edilir ki, Mahir hər iki qarşılaşmada iştirak etməyəcək.

“Herta” ilə oyuna gəlincə, “Kayzerslautern” bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

12 turdan sonra 20 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb. Lakin millimizin üzvü çox forma şansı qazanmır. Buna onun baş məşqçi ilə probleminin yaranması səbəb göstərilir.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
5
arena.az

10Mənbələr