AZ

Nilufər Ağazadə: “Ölkəmizi təmsil etmək mənim üçün böyük qürurdur”

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarlarından biri olan milli voleybolçumuz Nilufər Ağazadə ölkəsini təmsil etməkdən böyük qürur hissi yaşadığını bildirib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

O, açıqlamasında qeyd edib ki, açılış mərasimində bayraqdar kimi meydana çıxmaq onun üçün həm şərəfli, həm də həyəcanlı bir an olub:

“Belə mötəbər yarışda ölkəmizi təmsil etmək mənim üçün böyük qürurdur. Açılış mərasimində bayraqdar kimi meydana çıxmaq həm şərəfli, həm də həyəcanlı idi. İslam Həmrəyliyi Oyunlarında ilk dəfə iştirak edirəm və bu, mənim üçün çox sevindirici haldır”.

Nilufər Ağazadə əlavə edib ki, voleybol yarışları artıq başlayıb və komandası iki oyunda 3:0 hesabı ilə qalib gəlib:

“Məqsədimiz bu uğurlu çıxışı davam etdirərək yüksək nəticə qazanmaqdır. Həm voleybol yığmamıza, həm də ölkəmizi digər növlərdə təmsil edən bütün idmançılarımıza uğurlar arzulayıram”.

Milli voleybolçu həmçinin göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirərək əlavə edib:

“Azərbaycanı layiqincə təmsil etmək və bayrağımızı qürurla dalğalandırmaq üçün bütün gücümüzlə çalışacağıq”.

İdman.Biz

Seçilən
48
1
idman.biz

2Mənbələr