AZ

"Müharibə məni çox sınaqlardan keçirdi"

Zəfər Günü münasibətilə Birinci Qarabağ müharibəsi veteranı, Hərbi jurnalist və şair Telman Nəzərli ilə söhbət etdik.

News365.az xəbər verir ki, veteran keçdiyi döyüş yolu, yurd həsrəti və 44 günlük Vətən müharibəsinin onun həyatında yaratdığı dönüşdən danışdı.   

      -Telman müəllim, yadınızdadırsa, ötən yay sizə Günəşin qürub çağında Kürün mənzərəsini əks etdirən bir foto göstərmişdim. Çox xoşunuza gəlmişdi. Baxanda keçirdiyiniz sevinc, təbəssüm dolu, bir qədər də kövrək hisslər indi də gözlərim önündədir. O vaxt heç soruşmadım- nə idi sizi bu qədər duyğulandıran? 

       -Yadımdadı, Nazim müəllim, yaxşı yadımdadı. O mənzərələr mənə çox doğmadı, çox tanışdı. Kürün özü, Kür qırağı, uşaqlıq illərim. O torpaqdan boy atıb ucalan ağaclar. Bunların hamısı yaxşı yadımdadı. Bir də o dəfə deməmişdim;- həmin mənzərə mənə orta məktəbi bitirəndə yazdığım bir şeiri xatırlatmışdı:

      Salxım söyüdlərin altına bir gün, 

      Gecə hürkə-hürkə sürünüb gəlib.

      Gecə kölgə-kölgə bürünüb gəlib

      Qaçıb kəndimizin işıqlarından

      Qaçıb kəndimizin uşaqlarından.


      -Bəzən düşünürəm ki, insan ömrü dünyaya göz açdığın yurdun istisini, sevgisini  qoruduğun illər qədərdi. Neçə ki, uşaqlığından doğma yerin gözünə, könlünə hopan heyrəti yaşayır, sən də varsan. Heyrət adiəşəndə yaşamın rəngi qaçır, çöhrəsi solğun görünür. 

       -Mən də o fikirdəyəm. Bizim hər birimiz qəribə tale yaşayırıq. Orda doğul. Sonra o yurdları tərk elə, oralardan uzaqlaş. Və sənin ürəyində o yurd sevgisi həmişə rayon-rayon, şəhər-şəhər, ölkə-ölkə gəzsin. Dediyiniz fikri çox bəyəndim ki, nə qədər olur-olsun insanın ürəyində yurd sevgisi, torpaq məhəbbəti varsa, elə o ömrü yaşamağa dəyər. Uşaqlıq illərindən arzularımızla qoşa böyüyürük. Çox qəribədir ki, o arzuların da elə bil gerçəyə çevrilməsini biz ancaq doğulduğumuz yurd-yuvadan, kənddən, torpaqdan, o meşələrdən, o çaylardan uzaqda görürük nədənsə. Mənim yaxşı yadımdadır; - 3-cü, 4-cü sinifdə oxuyanda müəllimimiz soruşdu uşaqlardan ki, kim böyüyəndə nə olacaq? 6-7 nəfər dedi ki, mən o vaxtkı ləhcə ilə deyirəm- biz böyüyəndə lyotçik olacağıq. Yəni, bu da bir xəyalpərvərlik idi, arazuların, istəklərin qanadlanması idi. Çox ağırdı böyüdüyün yurddan, lap arzuların dalınca olsa belə, uzaqlaşmaq. Oradan yığışdırıb nəyimiz vardısa götürdük, qalan bir adımız oldu. Soruşanda ki, Eyyub kişinin oğlu Telman hardadı?- Bakıdadı. Nə bilim, filankəs hardadı?- Gəncədədi... Yəni, ömrümüz boyu həmin o istəkdən doğan  həsrətlə yaşayırıq. Üzü o torpağa doğru yaşayırıq. Və həmişə də bizə elə gəlir ki, nə isə bizi ora qayıtmağa qoymur.  Əslində, belə deyil. Yaşa dolduqca mən bunu daha çox hiss edirəm. Hiss edirəm ki, oralarla- doğulduğum yerin havası ilə, suyu ilə, torpağı ilə, adamları ilə mən daha bütövəm. Və yaşa dolduqca da elə bil o bütövlüyə doğru can atıram. Çox qəribə hisslərdir. Düzdür, torpaq torpaqdı,harda olsaq. Öz millətimizin, öz doğmalarımızın, öz ölkəmizin harasında yaşasaq da, bizimçün əzizdi. Amma sən xüsusi vurğu ilə dedin o doğulduğumuz yurdun sevgisini, istəyini, həsrətini,- doğrudan da tamam başqadı.        

           -Gənclik havası başımızda qoşulduq Bakıya üz tutan qatarların yeknəsək səsinə;- bu səsin yedəyində yüz xəyal, arzu qura-qura.


          -Qatar mənumçün çox müqəddəsdi. İlk dəfə qatara minib üzü Bakıya gəldim. Heç vaxt yadımdam çıxmaz. O vaxta qədər uşaqlıq illərimizdə bir qoltuğumuzda kitab-dəftər, bir əlimizdə də çubuq, ağac. Mal-heyvan otaranda həmişə dəmiryolunun qırağından gəlib keçən Bakı-Tiflis qatarını çox həsrətlə, yanğı ilə süzərdik. Xəyalımıza gətirərdik ki, günün birində bu qatarla biz də Bakıya gedəcəyik. Həmin qatar bizi arzularımızın, xəyallarımızın, istəklərimizin qovuşanına doğru aparacaq.

       Qatara da mindik. Bakıya da gəldik. Və o qatar sevgisi heç vaxt unudulmadı: 

       1974 -cü ilin bir yay səhəri,

       Bakı-Tiflis qatarından düşdüm bu şəhərə.

       Elə ilk andan sevdim bu şəhəri.

       Neft qoxulu küçəsini sevdim,

       Ulduzları dənizə tökülən gecəsini sevdim.

       Kirayə ev axtaranda 

       Üzümə çırpılan qapısını, pəncərəsini sevdim. 

       Taxta çemodanıma baxıb

       Qımışan qızlarının neçəsini sevdim.

       Bu şəhərin çayxanaları vuruldu mənə, 

       Vuruldu atamın cibimdəki təqaüdünə.

        Sevdim bu şəhəri mən 

      -Məncə, yazılan hər şeir, hər misra müəllifin həyata, onu əhatə edən aləmə heyrətindən doğur.

     -Çox təbiidir. İnsan adilikdən çıxmasa, heyrətlənməsə şeir yaza bilməz. Ömrümüz boyu elə adilikdən bədii qeyri-adiliyə doğru çırpıntılarla yaşamışıq. Gülün boynunu bükməyindən tutmuş yağış damcılarının yarpağın üstündən sürüşüb torpağa tökülməsinə qədər çox şey bizi təəcübləndirərdi. Nə yaxşı ki, Uca Yaradan bu duyğuları bizə bəxş edib. Doğrudan da nə qədər torpağa bağlılıq, məhəbbət hissi varsa, ömür o qədər ola bilər. Həmin hisslər ömrümüzün bir az da uzanmağına, daha şirin, daha mənalı olmağına kömək edir. Mən özümü heç vaxt o duyğusallıqdan, o heyrətdən uzaq təsəvvür edə bilmirəm.       


     -Xatırlayıram ki, bir dəfə payız fəslini çox sevdiyinizi demişdiniz.

     -Bu fəsli uşaq vaxtından çox sevirəm. Qəribədir, Bakıda payız küləklərindən xoşlanmıram. Kənddə olanda yadımdadır ki, yel əsəndə ağacların, yarpaqların, bir az yağış da yağanda külək qarşıq səsləri, mal-qoyun səsi, hardansa it hürüşməsi... Bütün bunlar məndə qəribə duyğular oyadırdı. İstəyirdim sakitcə kənara çəkilim, payızın mənə verdiyi dünyanın qapısını açım, o duyğularımdan məmnun olum.

      Mən hardayam, payız da elə ordadı. Payızı yarpaqlarının  saralmağına adam sevinməz, nədən ki, yarpaqların saralmağı onun ömrünün sonuna işarədi. Amma qızılı, narıncı rənglər o qədər gözəl olur ki...

     "Azərbaycan" qəzetində işləyəndə bir müddət bölgələrdə olmuşam. O vaxt qarşılaşdığım bir mənzərəni heç vaxt unuda bilmirəm. Oğuz rayonundan Şəkiyə tərəf gedəndə körpünü keçən kimi orda o qədər gözəl mənzərələr adamın gözü qarşısında açılır ki, heyrətlənməmək olmur. Bir də mənə elə gəlir ki, payızda admlar bir qədər də daha həssas, daha kövrək olur. Yəni, payız adama xatırladır ki, bu ömür durduğu yerdə qalan deyil, onun gethagedi də var. Payız fəsli məni o birilərindən daha çox duyğulandırır. Düzdü, bir məhəbbət şeiri yazanda hissə qapılıb bütün günahları payızın üstünə atmışdım,- "İndi bir   ilimin dörd payızı var"- demişdim. Payız məndən ötrü dərləşmək fəslidir. Tək qalmaq, təbiətlə baş-başa qalmaq, pisliklərdən, naqisliklərdən uzaqlaşmaq fəslidir.Payız olanda mən özümə qapılıram və mən daha çox şeir yaza bilirəm.   

        -Demə, payız təkcə duyğularımıza həzin nəğmələr pıçıldayan, ötənlərin şirin xatirələrini kirimişcə, səssiz-səmirsiz gözlərimizin önünə gətirib ruhumuza dinclik gətirən aylar, günlər, dəqiqələr deyilmiş. Bu fəslin qismətində Böyük Zəfərin qürur rəngi də varmış.  

      -Şübhəsiz, bu payız adi payız olmadı,- insanlara şeir, mahnı, hiss, duyğudan əlavə bir vətənpərvərlik çağırışı da bəxş elədi. Bizim Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimiz əks-hücum  əməliyyatına keçərək bütün cəbhə boyu işğal altındakı torpaqlarımıza doğru yürüdülər. Beş il keçməsinə baxmayaraq biz o günün, o yürüşün, bu Zəfərin, onun böyüklüyünün sevincini qədərincə yaşaya bilmirik. Yəqin illər ötəndən sonra nələr baş verdiyini, xalqımızın, dövlətimizin, ordumuzun nəyə qadir olduğunu daha yaxşı dərk edəcəyik. 200 illik erməni zülmünə son qoyuldu. Hərdən deyirdilər ki, vaxt keçdikcə torpaq unudula bilər, insanlar o torpağa qarşı yadlaşa bilər. Şübhəsiz, belə ola bilməzdi. Təbii ki, o insanların dediklərində bir giley-güzar vardı- Nə vaxt? -Nə vaxt dediyimiz elə 2020-ci il sentyabrın 27-dən başladı.Mən elə bu məqamda torpağımızın uğrunda şəhid olanlara Allahdan rəhmət,  qazilərəimizə cansağlığı  diləyirəm. Müzəffər Ali Baş Komandamıza, rəşadətli Silahlı Qüvvələrimizə uğurlar arzulayıram. Bir yanda cəbhədəki döyüşlərə rəhbərlik eləmək, bir yandan da xaricdən hərəsi bir niyyətlə tökülüb gələn müxbirlərə cavab vermək, onlara Azərbaycan həqiqətlərini, Azərbaycan ədalətini başa salmaq böyük hünər istəyirdi. Şükrlər olsun ki, bunların hamısının öhdəsindən gəldik. Bu gün başı uca qarşılayırıq Qələbəmizin 5 illiyini.    

     -Birinci Qarabağ müharibəsinin od-alovundan siz də keçmisiz. O illəri necə xatırlayırsız? Müharibə sizi hansı sınaqlardan keçirdi? 

    -Birinci Qarabağ müharibəsi məni çox sınaqlarla üz-üzə qoydu. Bir dəfə günorta vaxtı televiziyadan gəlirdim. Müdafiə Nazirliyinin yanından keçəndə qələm dostumuz Nəriman Əbdülrəhmanlı ilə rastlaşdıq. O, həmin vaxt Müdafiə Nazirliyinin hərbi studiyasında çalışırdı. Dedi, cəbhə tərəfə helikopter gedir, getmək istəməzsən? Elə ordan döndüm, getdik Müdafiə Nazirliyinə. Orda mənə səhra paltarı verdilər. Tanımadığım bir operatorla cəbhə bölgəsinə uçduq. Helikopterdən düşənə qədər ömrümlə, gedəcəyim yolla bağlı daxilimdə bir hesabat, təlimat söhbətim oldu. Gördüm ki, üzü o tərəfə yaxınlaşdıqca şox rahat oluram. Beləcə, ilk reportajım oradan başladı. Ondan sonra hiss etdim ki, oralarsız mən şəhərdə dayana bilmirəm. Sonra rəsmi şəkildə Müdafiə Nazirliyinin hərbi tele-studiyasına çağırıldım. Əvvəl hərbi tele-jurnalist, sonra hərbi studiyanın baş redaktoru olaraq fəaliyyət göstərdim. Ayın təxminən 15-20 günü, bəlkə də daha çox cəbhə bölgəsində, müharibənin içində olduq. 

      Bu gün mən o vaxtlar cəbhədə birgə çalışdığım sənət dostlarımı böyük minnətdarlıqla, dünyasını dəyişənləri rəhmət duyğusu ilə xatırlayıram. Seyidağa Mövsümlü ilə çox işləmişdim. Bu günləri görmədi. Nizami Abbasa Allah cansağlığı versin. Onunla çiyin-çiyinə çox çəkilişlərimiz oldu. Mən orda ölüm qorxusunu bir anlıq yaşadım və o qorxunun üstündən elə bil tapdalayıb keçdim. Mənim gözümün qabağında yaralanan da oldu, dünyasını dəyişən də. Və torpağımızdan geri çəkilmələr də, irəli getmələr də- çox şeylər oldu. Mən Birinci Qarabağ müharibəsini məmnunluq tərəfindən onu xatırlayıram ki, Horadiz, Füzuli tərəfdəki döyüşlər, kəndlərimizin azad olunmasının iştirakçısı olmuşam və qələbə sevincimi ilk olaraq orada yaşamışam. O vaxt ordumuz zəif idi. Amma çox vətənpərvər oğullar var idi. Bu səbəbdən düşmən ölkəmizin dərinliklərinə gələ bilmirdi. Təəssüf ki, vahid komandanlıq yox idi. Silah-sursat çatışmazlığı da olurdu. Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonra, özünün təbirincə desək, 1993-cü ilin noyabrından peşəkar ordu quruculuğuna başlanıldı. Ondan sonra ordunun şəxsi heyəti, zabit də, əsgər də gördü ki, Ali Baş Komandan, Sərkərdə nə deməkdir. Sərkərdənin qətiyyətli səsi, qətiyyətli əmri nə deməkdir.         

     -Telman müəllim, bir vaxtlar müəllifi olduğunuz "Məmləkətim" televiziya proqramını xatırlayıram. Çox populyar idi. Geniş tamaşaçı auditoriyası vardı. Yadımdadır ki, bir tamaşaçı kimi məni ən əvvəl onun adı cəlb eləmişdi. Nədənsə, indinin özündə də "məmləkətim" sözünü eşidən kimi böyük Nazim Hikmətin misralarını  xatırlayıram. Bəlkə də ona görə ki, bu söz böyük şairin qəlbinin sarı simidir. "Məmləkətim" sönməyən yanğısı, bitməyən həsrətidir. 

     Sözümü ona gətirirəm ki, verilişinizin bu ad seçiminin bir tarixçəsi varmı, yoxsa o ağır günlərdə qəfil ürəyinizdən keçən bir ad idi?

      -Bir dəfə rəhmətlik Seyidağa Mövsümlü ilə cəbhədə idik. Yaranmış müvəqqəti sakitliyi fürsət bilib söhbətləşirdik. Bu ad o vaxt yarandı. "Məmləkətim" deyəndə elə bilirəm ki, bu torpağın qarşısında bir əsgər kimi hər əmrə müntəzir olaraq dayanıram. Veriliş tək hərbi veriliş deyildi. Hərbi mövzu kimi şairlərə, yazıçılara, müxtəlif sənət adamlarına müraciət etdiyimiz vaxtlar olurdu. 

       -Tale elə gətirdi ki, yaradıcı fəaliyyətinizin sonrakı dövrü yenidən Azərbaycan Televiziyası ilə bağlı oldu. Yenidən doğma redaksiyaya- Televiziyanın Hərbi-vətənpərvərlik Baş redaksiyasına rəhbər təyin edildiniz. Bu, elə bir vaxt idi ki, ölkəmizin Silahlı Qüvvələrinin döyüş qabiliyyəti sürətlə artır, qazanılacaq Böyük Zəfərin addım səsləri daha aydın eşidilməyə başlayırdı. 

       -Müharibədən sonra da vətənpərvərliklə, hərbi ilə bağlı oldum. Arada "Xəbərlər" informasiya redaksiyasında çalışsam da gördülər ki, "bir gözüm qalıb" hərbi mövzularda. Sonra hərbi redaksiyaya baş redaktor təyin olundum. 1994-cü ildə atəşkəsdən sonra ordumuzda aparılan islahatlar öz bəhrəsini verməyə başladı. İlk Zəfərimiz- 2016 -cı ilin Aprel döyüşləri. O vaxt bütün dünya gördü ki, artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Düşmən də bunu bildi. 2018-ci ildə Naxçıvandakı hərbi əməliyyat, sonra Tovuz döyüşləri...

        Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə paradlar keçirilmişdi. O vaxt Ali Baş Komandan xüsusi vurğuladı ki, burda nümayiş olunan silahlar hələ bizim ordumuzun balansında olanların hamısı deyil, bir hissəsidir. Bizim daha böyük, daha dağıdıcı silahlarımız var. Əlbəttə, bu,  həm də bir siyasi mesaj idi. Çünki düşmən öz payını götürməli idi. Havadarları da öz paylarını götürməli idi ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Həmin paradlar həm siyasi mənada, həm mənəvi mənada, həm də bütün kompanentlərilə xalqımızda bir ruh yüksəkliyi oyatdı ki, artıq qələbə yaxınlaşmaqdadı.   


         -İkinci Qarabağ savaşı başlayanda hərbi əməliyyatların gedişi ilə bağlı ən son informasiyaları çatdıran proqramlardan biri redaksiyanızın hazırladığı, həm də canlı yayımlanan "Cəbhədən xəbər" idi. 

        -Bu proqram təxminən 23-24 axşam canlı olaraq efirdə oldu. Böyük məmnuniyyət hissilə deyirəm ki, həmin vaxtlarda biz bir yerdə, çiyin-çiyinə idik. Onu gözləyənlər çox idi. İnananlar çox idi. Çünki bilirdilər ki, bu proqramı "Hərbi-vətənpərvərlik" redaksiyasının peşəkar kollektivi hazırlayır. Ən vacib xüsusiyətlərindən biri bu idi ki, proqrama tanınmış ekspertlər dəvət olunurdu. Biz verilişə baxanlara, dinləyənlərə sevinclə, ümidlə dolu duyğular bəxş eləməyə çalışırdıq. Təvazökarlıqdan uzaq olsa da deyim ki, oğlum Tural Məmmədli idman jurnalisti olsa da, həm də "Xəbər" aparıcısı idi. Yaxşı yadımdadır ki, Gəncəyə raket atılan o ağır günlərdə Tural da Gəncədə ezamiyyətdə idi. O vaxt siz onu bizim proqrama canlı bağladınız. O həyəcan dolu bağlantı indi də yadımdadır.   

       -Redaksiyanızın ərsəyə gətirdiyi "Yolun davamı" proqramı da tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Verilişlərin birinin sonluğunda eşitdiyim fikir təxminən belə idi: "Xalqmız çıxdığı şərəfli yolu böyük əzmkarlıqla, uğurla davam etdirir. Hələ qarşıda görüləcək çox işlərimiz, yetmək istədiyimiz çox arzular var".  

        -Birinci Qarabağ müharibəsindən qayıdandan sonra,- o vaxt atəşkəs idi- "Hərbi-vətənpərvərlik" redaksiyasının baş redaktoru oldum. O vaxt həftədə ayrı-ayrı adlarla 6 verilişimiz efirə gedirdi. Yadımdadır,- "Səngər", "Azərbaycan Silahlı Qüvvələri", "Çiyin-çiyinə", "Zireh", "Repartyor" və digər verilişlər. Artıq "Yolun davamı" verilişi araya-ərsəyə gələndə qərarımız bu oldu ki, qələbə çalmışıq, torpaqlarımız işğaldan azad etmişik. Amma bu, gedəcəyimiz, nəzərdə tutduğumuz yolun sonu deyil. "Yolun davamı" bitən yol deyil. Bu, istiqlal yoludu, azadlıq yoludu, qalibiyyət yoludu. Hələ gözü yolda qalan çox işlərimiz var. İnşəAllah, bu yolu da uğurla gedərik.  

        -Telman müəllim, Zəfər Günü bayramında sizinlə həmsöhbət olmaq, düşüncələrimizi, arzularımızı bölüşmək çox xoş oldu. Bayramnız mübarək. Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. 

      -Təşəkkür edirəm müsahibə üçün. Mən də sizin bayramınızı təbrik edirəm. Bütün xalqımızın, Ordumuzun bayramı mübarək olsun. Bu Zəfər yolunda canalrını fəda edən Vətən oğullarını böyük şükranlıqla yad edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sıralarında Seyidağa Mövsümlüyə, uzun illər çiyin-çiyinə çalışdığımız Ədil Arifoğluna Allahdan rəhmət diləyirəm.  Qazilərimizə cansağlığı arzulayıram. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz daim müzəffər olsun.


                                                                               Nazim ƏLİFOV

Seçilən
22
news365.az

1Mənbələr