AZ

Serj Sarkisyan: “Bəzi Qarabağ liderlərinin Azərbaycana təslim olmasında Ermənistan hakimiyyəti də iştirak edib” – İrəvanda siyasi savaş daha da dərinləşir

Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “İmnemnimi” podkastına müsahibəsində Qarabağ separatçı rəhbərlərinin Azərbaycan tərəfindən saxlanılması prosesinin “təsadüfi və spontan” deyil, müəyyən siyahı və koordinasiya əsasında aparıldığını iddia edib.

Onun sözlərinə görə, kimlərin saxlanılacağı barədə əvvəlcədən siyahılar mövcud olub və həmin siyahıların formalaşmasına Ermənistan hakimiyyətinin də təsiri olub. Sarkisyan xüsusilə qeyd edib ki, Bakının o dövrdə Qarabağ ordusunun fəaliyyət göstərən komandanı Kamo Vardanyanı azad buraxıb, amma keçmiş komandan Levon Mnatsakanyanı saxlaması suallar yaradır və prosesin arxasında “daxili razılaşma və siyasi yönləndirmə elementlərinin olduğunu göstərir”.

Sarkisyan bildirib ki, Qarabağ rəhbərlərinin qarşısında o zaman iki yol var idi: ya cəbhə düşməzdən əvvəl Ermənistana çəkilib “qaçan” kimi gözdən düşmək, ya da sonadək Qarabağda qalaraq “xalqla birlikdə olmaq” imicini qorumaq. O, onların ikinci yol seçdiyini vurğulayıb.

Musavat.com-a görə, Sarkisyanın bu açıqlaması Ermənistan daxilində artıq bir neçə ildir davam edən, 2020-ci il müharibəsinin nəticələrindən qaynaqlanan ağır siyasi qarşıdurmanın növbəti mərhələsidir. Ermənistan cəmiyyətində hələ də məğlubiyyətin əsas məsuliyyətinin kimdə olduğu ilə bağlı konsensus yoxdur. Paşinyan hökuməti ordunun hazırlıq səviyyəsinin, strateji düşüncənin və hərbi sistemin illərlə əvvəlki hakimiyyətlərin dövründə formalaşdığını deyərək məğlubiyyətin köklərini Sarkisyan-Köçəryan dönəminə bağlayır. Sarkisyan və Köçəryan düşərgəsi isə əksinə, Qarabağın itirilməsinin, ordunun geri çəkilməsinin və separatçı qurumun süqutunun Paşinyanın siyasi qərarlarından qaynaqlandığını iddia edir. Beləliklə, Azərbaycanın qələbəsi təkcə hərbi-siyasi balansı deyil, Ermənistan daxilində uzun illər toxunulmaz görünən siyasi nizamı da kökündən dəyişib.

Qarabağ separatizmi Ermənistan üçün onilliklər boyunca milli ideologiyanın mərkəzinin rolunu oynayırdı. Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük müharibədə qazandığı Zəfər və 2023-cü ilin antiterror əməliyyatından sonra separatçı rejimin tam süqutu bu ideoloji dayaq sütununu dağıtdı. Nəticədə Ermənistan bu gün həm siyasi kimlik, həm dövlətçilik konsepsiyası, həm də milli ideologiya baxımından aydın istiqamətə malik deyil. Bu fon Sarkisyan-Köçəryan cütlüyü və Paşinyan arasında gedən mübarizəni daha sərt və geri dönüşü olmayan mərhələyə gətirib. Artıq məsələ şəxslər arasında rəqabət deyil, Ermənistanın özünü gələcəkdə necə bir dövlət kimi təqdim edəcəyi məsələsidir.

Sarkisyanın son açıqlaması məhz yaxınlaşmaqda olan parlament seçkiləri fonunda Paşinyanın siyasi orbitinə zərbə vurmağa hesablanmış açıq informasiya hücumu kimi qiymətləndirilir. Hər iki tərəf bir-birini “xəyanət”, “qəbahət” və “milli faciə yaratmaqda” ittiham edir. Ermənistan cəmiyyəti isə bu qarşıdurmanın içində iki yerə bölünmüş vəziyyətdədir. Məğlubiyyətin siyasi məsuliyyəti ortada qalır, amma hamının bildiyi kimi, məğlubiyyətin ən böyük xüsusiyyəti odur ki, onun sahibi olmur. Hər kəs günahı başqasının üzərinə atır. Bu gün Ermənistanın yaşadığı mənzərə də məhz budur.

Azərbaycanın qələbəsi təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də Ermənistanın içində illərlə “vahid milli ideal” kimi görünən Qarabağ mifini dağıtdı. Son nəticədə bu, Ermənistanın milli birliyini parçalamaqla yanaşı, onu gələcək kimlik axtarışının çətin mərhələsinə saldı. Bu proses hələ davam edir və Sarkisyan–Paşinyan qarşıdurması indi yalnız siyasi yox, həm də ideoloji səciyyə daşıyır.

 

Musavat.com

Seçilən
4
1
musavat.com

10Mənbələr