AZ

İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qurbanov Vaqif Bəxtiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olan baş leytenant Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindən olan Vaqif Qurbanov 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və "Su-25" təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib. 
Vaqif Qurbanov ilk döyüş tapşırığına Şəkidən qalxaraq, 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayır. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən Yerevana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş etdi. Bütün sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edildi və təyyarə tamamilə yanır. Həmin ilin 12 iyununda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Şaumyan istiqamətində düşmənin müdafiə xəttini yarır və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilir.
Qurbanov həmçinin Martunidə, Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənd və Ay-Parisdə döyüşlərdə iştirak edib. Nəticədə qarşı tərəf ağır itkilər vermişdi.
13 iyun 1992-ci ildə Vaqif Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirir. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi saat 4–5 radələrində erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik–Əsgəran yaxınlığında "Şilka" deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.
 
Ancaq Vaqifin sağ olub-olmaması haqda dəqiq məlumat bilinmir. Şayiə yayılır ki, Vaqif minalanmış əraziyə düşüb. Kəşfiyyat dəstəsi həmin yerə yollansa da, əliboş dönür. Belə bir söz-söhbət də gəzir ki, guya Vaqif sağ qalıb, Ağdam xəstəxanasına gətirildikdən sonra naməlum istiqamətə aparılıb. Dostu Fuad Məmmədova xəbər çatır ki, onu yaralı vəziyyətdə Zabrat aeroportunda görüblər. Lakin bu məlumatlardan heç biri təsdiqini tapmır. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinin sədri Namiq Abbasovun göstərişi ilə Vaqif Qurbanovla bağlı araşdırma aparılır. Amma bu da bir nəticə vermir. Son ümid yeri kimi ailə üzvləri və dostu Fuad Məmmədov ekstrasens və falçı yanına da gedirlər. Nə qədər qəribə olsa da, heç bir "görücü" onun öldüyünü demir.
Vaqif Qurbanov 1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.
Milli Qəhrəmanın Sevinc adlı bir qızı yadigar qalıb.

Seçilən
10
3
nuh.az

7Mənbələr