AZ

Tran Dinh Hung: Vyetnam Sosial Elmlər Akademiyası ilə AMEA arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Bakı, 7 noyabr, AZƏRTAC

AMEA-nın 80 illik fəaliyyəti yalnız bir elmi qurumun inkişaf salnaməsi deyil, həm də Azərbaycan xalqının elmə, mədəniyyətə və milli tərəqqiyə olan sədaqətinin təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi tədbirində iştirak üçün ölkəmizdə səfərdə olan Vyetnam Sosial Elmlər Akademiyasının Beynəlxalq əməkdaşlıq departamentinin müdir müavini Tran Dinh Hung bildirib. O, Akademiyanın 80 illik yubileyinin elmi və mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “AMEA-nın yubiley mərasimi həm təntənəli, həm də ilhamverici atmosferi ilə yadda qaldı. Bu tədbir elm adamlarının zəhmətinə, elmi irsə və gələcək nəsillərə verilən dəyərin parlaq nümunəsidir”.

Vyetnamlı nümayəndə qeyd edib ki, bu əlamətdar yubiley iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bir dövrə təsadüf edir. Bu baxımdan, Vyetnam Sosial Elmlər Akademiyası ilə AMEA arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. “Biz uzunmüddətli əməkdaşlıq çərçivəsi yaratmaq, birgə tədqiqat layihələri həyata keçirmək, elmi kadr mübadiləsini və akademik dialoqu genişləndirmək niyyətindəyik. Əminik ki, bu əməkdaşlıq yalnız elmin inkişafına deyil, həm də Vyetnam və Azərbaycan xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək”, – deyə T.D.Hung əlavə edib. O, Azərbaycan elminin nailiyyətlərini yüksək qiymətləndirərək, AMEA rəhbərliyinə və alimlərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Seçilən
14
1
azertag.az

2Mənbələr