AZ

Ana dilini qorumaq, Vətən tarixini gənclərə sevdirmək mənəvi borcumuzdur - RƏY

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı ölkənin elmi və mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsi ilə bağlı mühüm məsələlərə toxundu. O, dilin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulamaqla yanaşı, bu sahədə mövcud problemlərə də diqqət çəkdi. Eyni zamanda Prezident İlham Əliyev tariximizin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərini qətiyyətlə pisləyərək, elmi dairələrin bu təhriflərə qarşı mübarizədə daha fəal rol oynamalı olduğunu bildirdi. Ölkə başçısının çıxışı həm milli dəyərlərimizin müdafiəsi, həm də gələcək nəsillərə sağlam elmi və mədəni irs ötürülməsi baxımından xüsusi önəm kəsb edir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyi ilə bağlı tədbirdəki çıxışında Azərbaycan elmi qarşısında dayanan vəzifələri diqqətə çatdırıb.

 

Alim bildirib ki, Prezident İlham Əliyevin çıxışını Azərbaycan dövlətinin Azərbaycan elmindən gözləntiləri kimi dəyərləndirmək olar: “Bu gün Azərbaycan elmi Azərbaycan dövləti, cəmiyyəti üçün hansı töhfələri verməlidir, məhz bu istiqamətlər alimlərin diqqətinə çatdırıldı. Bildirildi ki, elm praktiki nəticələri ilə səmərəli olmalı, cəmiyyətə, dövlətə, dövlətçiliyə öz töhfəsini verməlidir və akademik elm yalnız masa üzərində qalmış əsərlərlə məqbul sayıla bilməz. Prezident tarix elmi qarşısında dayanan vəzifələri də sadaladı. Bu gün Azərbaycan dövləti Azərbaycan tarixi elmindən nələri gözləyir, daha çox nələrə ehtiyac var? Nəzərə alsaq ki, yetmiş il Azərbaycan tarixi mövcud ideologiyanın imkan verdiyi çərçivədə araşdırılıb. Sovet dövründə çox görkəmli tarixçilərimiz fəaliyyət göstəriblər. Onlar qədim dövrdən müasir dövrə qədər elm sahələri üzrə çox böyük töhfələr veriblər. Mövcud ideologiyanın sərt senzurasından keçərək həmin alimlərin əsərləri işıq üzü görürdü. Qədim dövrdən bu günə kimi müstəqillik dönəmində tariximizin heç bir basqı, konyunktura olmadan tədqiq edilməsinə böyük ehtiyac var. Təəssüf ki, 30 il keçsə də, tam olaraq bütöv tarixi mərhələləri özündə obyektiv əks etdirən ümumiləşdirilmiş əsərlər hələ qaneedici səviyyədə deyil. Cəmiyyət də bu çətinliyi yaşayır. Dövlət səviyyəsində də məsələyə dəfələrlə diqqət çəkilir. Baxmayaraq ki, müasir dövrümüzdə də çox görkəmli mütəxəssislər öz tədqiqat istiqamətləri üzrə ciddi tədqiqat əsərləri aparıblar, ortada xeyli iş, zəhmət var. Bunu Prezidentimiz də diqqətə çatdırdı. İdeologiya baxımından 70 il ərzində tariximiz saxtalaşdırılıb, digər tərəfdən isə Azərbaycan torpağına iddialı olan qonşular təmamilə saxta yolla Azərbaycan ərazilərinin onlara mənsub olması barədə saxtalaşdırılmış tarixə dair əsərlər tirajlamaqdadırlar. Hələ orta əsrlərdə belə anonim kilsə işçiləri tərəfindən yazılmış və sonradan erməni qaynaqları kimi tarixşünaslığa daxil edilmiş mənbələr yaradılıb. Bu mənbələrin saxta olması barədə Azərbaycan tarixçilərinin xeyli əsərləri var. Cənab Prezidentin çıxışında Azərbaycan tarixi ilə bağlı hansı məzmunda işlər görülməli olduğu konkret göstərildi. Bu çıxışda tarixi xəritələrin nəşri, təqdimatların keçirilməsi, irihəcmli kitablarla yanaşı kiçik bukletlər səviyyəsinə qədər çevik iş aparılması istiqamətində çağırışlar var idi. Əlbəttə, tədqiqat olmasa, onun təbliğatı da mümkün deyil. Gerçək tariximizin ortaya qoyulmasından sonra təbliğat işləri də paralel aparılmalıdır. Azərbaycan gəncliyinin öz tarixini bilməsi, bu bilgilərlə fəaliyyətində Azərbaycan dövlətinə xidmət etməsi prioritetdirsə, bu, digər tərəfdən beynəlxalq ictimaiyyət üçün Azərbaycanın gerçək tarixinin ortaya qoyulması Azərbaycanın tarixi torpaqları haqqında real mənzərənin əsaslandırılması deməkdir. Prezident açıq şəkildə qeyd etdi ki, bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların çoxu öz əzəli, əbədi torpaqlarından didərgin düşüblər. Bu hüdud isə bu gün mövcud olan Ermənistandır. Bu bir istisnadır, çünki bu dövlət bütövlükdə Azərbaycanın əzəli tarixi torpağında yaradılıb. Bunun səbəbi də Prezidentin çıxışında vurğulandı. Məhz Çar Rusiyası dönəmində ermənilərin kütləvi şəkildə köçürülməsi nəticəsində Azərbaycan torpaqlarında yerləşdirilmələri nəticəsində onlar Cənubi Qafqazda əhali faktoruna çevrildilər. Buna görə XX əsrin əvvəllərində Cənubi Qafqazla bağlı ərazi məsələləri müzakirə olunarkən, inzibati ərazi qərarları qəbul edilərkən azərbaycanlılar, gürcülər tarixilik prinsipindən çıxış edəndə ermənilər real məskunlaşma prinsipinə istinad edirdilər. Çünki onların bu torpaqlarda tarixən kütləvi şəkildə yaşayıb, hansısa inzibati, siyasi statusa sahib olmalarının heç bir tarixi əsası yox idi.  Buna görə də real məskunlaşma prinsipini önə çəkirdilər. Bu gün mövcud reallığı nəzərə alsaq, Azərbaycan öz tarixi torpaqlarına dövlət səviyyəsində hansısa iddia ilə təcavüz etmək iddiasında deyil. Amma Azərbaycan xalqının öz tarixi, əzəli yurdunda yaşamaq hüququnu heç kim əlindən ala bilməz. Bu, beynəlxalq hüquqa da ziddir. O cümlədən indiki Ermənistan Respublikası Azərbaycanın qərb sərhədləridir. Bu baxımdan, "Qərbi Azərbaycan" ifadəsi də işlədilir. Azərbaycanlılar böyük qətliama məruz qalaraq, qırğınlar, talanlar törədərək öz yurdlarından son yüz il ərzində mərhələlərlə qovulublar, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Bugünkü Ermənistan dövləti maddi və mənəvi təzminat ödəməlidir. Və azərbaycanlıların mövcud beynəlxalq qaydalara uyğun olaraq qayıdıb öz yurdlarında yaşamaları, fəaliyyət göstərmələri üçün imkan yaradılması beynəlxalq hüquqdan irəli gələn bir haqdır. Ən birincisi, bu, insanlıq haqqıdır, digər tərəfdən beynəlxalq hüquqa söykənən haqdır. Cənab Prezident tarixi xəritələrə istinad edərək bu xəritələrin Azərbaycan mütəxəssisləri tərəfindən deyil, erməniləri bura yerləşdirən Rusiya imperiyasının hərbçiləri, bu sahədə peşəkar mütəxəssisləri tərəfindən çəkilmiş xəritələr olduğunu, toponimlərin məhz Azərbaycan mənşəli olduğunu diqqətə çatdırdı. Bizim tariximizi araşdırarkən ermənilər kimi hansısa uydurma tarixə ehtiyacımız yoxdur. Real tarix də elə Azərbaycan xalqının öz tarixi torpaqlarında yaşamaq haqqını özündə əks etdirən təkzibolunmaz mənbələrə, xəritələrə, materiallara sahibdir. 1988-ci ildə Qərbi Azərbaycan ərazisindən vətəndaşlarımızın qovulmasının son mərhələsi baş tutub. Onların ləyaqətlə həmin torpaqlara qayıdıb yaşamaları üçün Azərbaycan tarxiçiləri öz əsərləri, akademik səviyyədə aparılan tədqiqatları ilə növbəti töhfələrini verməlidirlər ki, həm məntiqi, həm də elmi baxımdan qayıdışın əsaslı olduğunu bütün dünyaya nümayiş etdirək. Azərbaycanlıların öz əzəli torpaqları bu gün başqa dövlətin ərazisi olsa belə, onlar heç vaxt separatizmlə məşğul olmayıblar.  Prezident diqqətə çatdırdı ki, azəbaycanlıların hansı ölkədə yaşamalarından asılı olmayaraq həmin ölkələrə öz töhfələrini verirlər. Prezidentin çıxışı həm də tarixi yaddaşına, Azərbaycan dövlətinin təhlükəsizliyi, milli təhlükəsizlik məsələlərinə xidmət edən çox önəmli çağırış idi. Gənclərimiz öz tarixini, ana dillərini bilməlidirlər. Cənab İlham Əliyev milli kimlik məsələsinə də diqqət çəkdi. Azərbaycan vətəndaşı öz tarixini bilməklə, dilinə sahib çıxmaqla özünü güvənli, qürurlu hesab edərsə, bu onun vətəndaş olaraq beynəlxalq səviyyədə təqdimatında təsirini göstərəcək. Qeyd etmək lazımdır ki, Azərbaycanın ali və orta məktəblərində Azərbaycan tarixi fənni tədris olunur. Hesab edirəm, Prezidentin dəfələrlə vurğuladığı, müxtəlif çıxışlarında hər zaman diqqət çəkdiyi bu məsələ təhsil işçilərinin qarşısında vəzifələr qoyur ki, aparılmış elmi-tədqiqat işlərinin nəticələrini tədris prosesində səmərəli istifadə etsinlər. Bu, Vətən tarixinə - Azərbaycan tarixinə ayrılan saatlarla bağlı məsələnin gündəmə gəlməsi deməkdir. Zaman-zaman müxtəlif dövlət proqramları, tədris planları ilə paralellər apararaq Vətən tarixinə ayrılmış saatların azaldılması meyilləri olur. Nəzərə alsaq ki, biz 30 ildən bir az müddətdir ki, öz dövlət müstəqilliyimizi bərpa etmişik. Bəli, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub, amma dövlət başçısı, dövlət səviyyəsində Azərbaycan tarxçilərinə belə bir çağırış, sifariş edilməsi göstərilən məsələlərdə dövlətin, cəmiyyətin tarixi biliklərə, tarixi maarifləndirməyə ehtiyacı olduğunu göstırir. Müvafiq olaraq tədris sahəsində çalışanlar da bundan nəticə çıxarmalıdırlar ki, söhbət kəmiyyətdə deyil, keyfiyyətdədir. Necə etmək lazımdır ki, Vətən tarixini gənc nəslə sevdirərək, öyrədək. Tədris işçiləri bu barədə düşünməlidirlər. Bu sevgini, ehtiyacı metodoloji baxımdan fəaliyyətlərində diqqətə almalıdırlar”.

 

Peşəkar jurnalist, professor Qulu Məhərrəmli isə deyib ki, müstəqillik illərində Azərbaycan dilinə, onun inkişafına, statusunun möhkəmlənməsinə, dilin doğru-düzgün işlənməsinə aid, təxminən, 20-dən çox rəsmi sənəd qəbul olunub:

 

“Azərbaycanda "Dövlət dili haqqında" qanun dilin işlənməsi ilə bağlı bir çox məsələləri tənzimləyir. Qloballaşma və müasir şəraitdə dilin işlənməsi, inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı kimi mühüm sənədlər mövcuddur. Bu kontekstdə ölkə Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında dilə yönəlik, onun inkişaf etdirilməsi, çağdaş durumunun daha da yaxşılaşdırılması ilə bağlı verdiyi təkliflər, qaldırdığı problemlər həddindən artıq aktualdır və bu, hazırkı şəraitdə Azərbaycan dilinin inkişafına birbaşa xidmət edir. Sual olunur ki, bu qədər dəstək və şərait olduğu halda ana dilinin işlənmə sahəsində nə üçün problemlər mövcuddur? Hesab edirəm, bu, birinci növbədə vətəndaşlarımızın dil bilgisi, dilə olan münasibəti ilə bağlıdır. Faktiki olaraq Azərbaycan dili həyatımızın, elmin, texnologiyanın ən müxtəlif sahələrində çox uğurla işlənir, tətbiq olunur, bu sahədə kitablar buraxılır, portallar yaradılır və s. Bütün bunlar dilin tətbiqi, inkişafı ilə bağlı perspektivlərə çox ümidlə baxmağa əsas verir. Dil normalarının pozulması, bəzən dilin danışıq səviyyəsinin məişət səviyyəsinə endirilməsi, onun statusuna hörmət olunmaması ilə bağlı problemlər də var. Cənab Prezident bütün bunları çıxışında çox açıq şəkildə ifadə etdi, dilin qaydalarını yaxşı bilmək, dil normalarına əməl etmək, saflığını qorumaq, yerli-yersiz alınma sözlərdən istifadəyə qarşı çıxmaq kimi əsas vəzifələri qarşıya qoydu. Bunları tənzimləmək üçün hər hansı quruma ehtiyac varmı? Hesab edirəm, tənzimləmə sahəsində hansısa qurumlar yaradırıqsa, o sahədə heç bir irəliləyiş olmur. Həmin mərkəzlər, tənzimləmə orqanları özləri gedişatda bəzən problemə çevrilirlər. Dilin mükəmməl səviyyədə işlənməsi üçün əlavə quruma ehtiyac yoxdur. Hər kəs bu dildə danışırsa, onun normalarına uyğun danışmalı, yazmalı, saflığının keşiyində dayanmalı, təəssübünü çəkməlidir. Əks halda, əlbəttə ki, dildə xoşagəlməz proseslər dərinləşə bilir, dilin qaydaları etibarsızlaşır. Dil bir millətin varlığının ifadəsi, onun ruhunun təzahürüdür. Dilə cərimədən, inzibati qaydalardan daha çox sevgi, şüurlu yanaşma lazımdır, çünki dil milli kimliyimizin əsas göstəricilərindən biridir. Kitab, qəzet nəşri, saytlar, onlayn media - hər biri Azərbaycan dilindən məqsədyönlü şəkildə istifadə edir, dilin inkişafına müəyyən istiqamət yaradır. Önəmli olan dilə düşünülmüş, şüurlu, milli platformadan çıxış edərək yanaşmaqdır. Cərimə heç nəyi həll etmir. Amma dili öyrənmək, onun tədrisini yaxşılaşdırmaq, televiziya və radioda ana dili ilə bağlı verilişlərin, proqramların olması vacibdir ki, indiki gənclərə, eləcə də gələcək nəsillərə dili təmiz saxlamaq, onu yad ünsürlərdən qorumaq sahəsində müəyyən dərəcədə kömək edə bilək. Bu məsələdə orta və ali məktəblərin, kütləvi informasiya vasitələrinin, tənzimləyici rol oynayan strukturların üzərinə böyük vəzifə düşür. Dilçilik İnstitutunda Monitorinq Mərkəzi var, bu, çox yaxşıdır. Vaxtilə Tərcümə Mərkəzi dil qaydaları ilə bağlı çox kəskin, elmi cəhətdən əsaslandırılmış çıxışlar edirdi. Bu gün həmin vəzifə Mədəniyyət Nazirliyinə həvalə olunub. Artıq bu, konkret istiqamətdir. Ümid edirəm, Nazirlik bu sahədə effektli işlər görə biləcək. Bütün bunlarla yanaşı, hər bir vətəndaş, dil daşıyıcısı olan azərbaycanlı dilin saflığının qayğısına qalmalıdır. Belə olmasa, heç kim bizə kənardan dili qorumaq haqqında tövsiyə verə bilməz. Dilə sevgi ruhdan, içdən, şüurdan, ağıldan qaynaqlanmalıdır. Ana dilini qorumaq mənəvi borcumuzdur”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 7 Noyabr 2025, 18:57   
Seçilən
59
pravda.az

1Mənbələr