AZ

Müharibələr - tariximizin yaddaş salnamələri... İmişlidə “44 gün-Tarixi zəfər”in 3 cildi təqdim edildi...


Nəzakət Məmmədova: “Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları daim yaddaşımızda yaşayacaq...”

Vətən müharibəsində qazandığımız tarixi Zəfərin, Azərbaycan xalqının tarixində ən qürurlu hadisənin beşinci ildönümünü yaşayırıq. Ölkəmizin hər yerində, hər ünvanda Zəfərimizin beş illiyi qeyd olunur. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza, dövlətimizə zəfər bəxş etmiş şəhid Vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük fədakarlıqla fəaliyyət göstərir.

Vətən müharibəsində şəhid olan Azərbaycan oğullarına həsr etdikləri “44 gün-Tarixi zəfər” adlı IV cildlik kitabın I,II, və III cildlərini şəhid ailələrinə ərmağan edirlər. Balalarını vətən yolunda fəda edən valideynlər bu kitabları öz övladları bilib bağırlarına basırlar.

Zəfər sevincinin beş illiyini yaşadığımız günlərdə Nəzakət Məmmədovanın baş redaktoru olduğu Respubkika Xatirə Kitabı Redaksiyası “44 gün-Tarixi zəfər” adlı IV cildliyin I,II, və III cildlərinin təqdimatını keçirmək üçün İmişli rayonuna üz tutdu. Redaksiya kollektivinin böyük zəhmət, məsuliyyət və fədakarlıqla ərsəyə gətirdiyi bu nəşrlərdə bizə zəfər qazandıran, xalqımızın üzünü ağ, başını uca edən oğulların həyatı, döyüş yolu barədə qısa, amma tutumlu bioqrafik məlumatlar öz əksini tapıb ki, bu da şəhidlərimizin adının yaşadılmasına əvəzsiz töhfədir.

Üzü İmişliyə yol gedirik, Vətən oğullarının bizə qələbə müjdəsi vermək üçün keçib getdiyi yollardan keçib gedirik. Bu yollardan igidlər keçib, bir qismi şəhid olub, bu yollar onların tabutlarını ağırlayıb, ağı deyib ağlayıb. Yollar dilsiz deyil axı, yollar kimlərə yoldaş olmayıb ki... Bu yollar şanlı qazilərimizi salamlayıb, qələbə qazananlarımızı alqışlayıb. Biz də o yollardan keçib gedirik İmişliyə. Bizi orda şəhid ailələri gözləyir, qara yaylıqlı analar, ürəyi qubarlı atalar, ata həsrətli fidan balalar, ər yolu gözləyən vəfalı gəlinlər gözləyir.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası noybarın 6-da İmişli Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı keçirdi.

Təqdimat mərasimi şəhid Amil Səfərlinin anım gününə təsadüf edirdi. İmişli Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edirdi. Mərasimdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbədən söhbət açıldı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarınınyaddaşlara əbədi köçən xatirələri anıldı.

“44 gün-Tarixi zəfər”in cildlərinin təqdimat mərasimində çıxış edən şair-publisist Rəfail Tağızadə bildirdi ki, Respublika Xatirə Kitabı Redaksiyası Zəfəri qazanan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm işlər görüb və görməkdədir. Hər bir şəhidin xalqımız üçün əziz olduğunu deyən R.Tağızadə qeyd etdi ki, onların xatirələri xalqımız, dövlətimiz var olduqca yaşayacaq.

Şəhid Amil Səfərlinin atası Nizami Səfərov bildirdi ki, oğlu 2020-ci ilin 6 noyabrında, qələbə sorağının yetişdiyi günlərdə şəhid olub. Oğlunun qəhrəmanlığı ilə fəxr etdiyini deyən Nizami ata vurğuladı ki, oğlu şəhid olsa da, torpaqlarımız azad oldu və beş ildir, qələbə sevincini yaşayırıq. “Oğlum-Azərbaycan Ordusunun əsgəri Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlatdığı Vətən müharibəsində Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Amil noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub”-deyə ata bildirdi.

Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılır, Azərbaycan Ordusunun şanlı Qələbəsinin 5-ci ildönümü xalqımızda böyük əhval-ruhiyyə yaradır. Çıxış edənlər şəhid oğulların ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qazandığı möhtəşəm zəfərin müasir tariximizin ən əhəmiyyətli səhifəsi olduğu qeyd etdilər.

“...bu ənənəni hazırda da davam etdirməkdədir”

Təqdimatda çıxış edən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova tədbir iştirakçılarına Xatirə Kitabının yaranması, redaksiyanın bugünə qədər həyata keçirdiyi layihələr, nəşr etdiyi kitablar barədə ətraflı məlumat verdi.

Nəzakət Məmmədova bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir: “Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Bu kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir”.

N.Məmmədova bildirdi ki, Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

N.Məmmədova “Respublika Xatirə Kitabı redaksiyasının, həmçinin, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkildiyini və bu filmlərin artıq geniş ictimaiyyətə təqdim olunduğunu vurğuladı.

“Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları - öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir”-deyə N.Məmmədova bildirdi.

Tədbirin sonunda “44 gün-Tarixi zəfər” kitabının cildləri şəhid ailələrinə təqdim edildi, xatirə şəkili çəkildi, şəhid ata-anaları, şəhid yaxınları oğullarının xatirəsini əbədiləşdirdiyi, onların adlarını kitablarda yaşatdığı üçün redaksiya rəhbərliyinə və kollektivinə təşəkkür etdilər. Hər ana, hər ata bildirdi ki, oğullarının adı və şəkli həkk olunan bu kitabları doğma övladları kimi bağırlarına basıb saxlayacaqlar...

Xatirə Kitabının həyata keçirdiyi bu uca missiya şəhidlərin adlarını tarixə həkk etməklə yanaşı, həm də onların ailələrinə bir təsəllidir...

Şəhid ailələrindən ayrılıb Bakıya qayıdırıq, təəssüratlarımız həm qəmlidir, həm də qürürverici. Üç rəngli bayraq, müqəddəs torpaq uğrunda canını fəda edənlərin ata-analarını dinlədik, müsahibələr götürdük, titrək səslərin, qırıq ürəklərin, qürurdan qabaran kökslərin harayını duyduq, sağlıq olsun, növbəti saylarımızda İmişli şəhidlərinin yaxınlarından götürdüyümüz müsahibələri də təqdim edəcəyik.

Həm göz yaşları, həm də könül sevgisi ilə yada saldıq şəhidlərimizi. Onlar unudulmayacaqlar, necə deyərlər, uğrunda ölməyi bacaranlar olduğu üçün bu torpaq Vətənə çevrildi...Var olasan, Vətən!

İradə SARIYEVA
İmişli-Bakı

Seçilən
34
baki-xeber.com

1Mənbələr