AZ

Avropa İttifaqından Britaniyaya: Əməkdaşlıq edirsənsə, pulunu ödə!

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın bir sıra birgə əməkdaşlıq layihələrində iştirakı üçün Aİ büdcəsinə maliyyə töhfəsi ödəməsi şərtini qoyub.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin Brüsseldəki mənbələrinə əsasən, Aİ rəsmiləri hesab edirlər ki, London heyvan və bitki mənşəli məhsullara qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji daşıyıcıları ticarətində aşağı qiymətlərlə iştirak hüququ əldə etmək istəyirsə, regional bərabərləşdirmə fondlarına müəyyən ödənişlər etməlidir. Bu ödənişlərin dəqiq məbləği hələ müəyyən edilməyib.

Avropa paytaxtlarında bu məsələ ilə bağlı mövqe eynidir: Böyük Britaniya Norveç, İsveçrə və digər Aİ tərəfdaşları kimi ödəniş etməlidir.

“Daxili bazara çıxış əldə etmək istəyən üçüncü ölkələr buna görə ödəniş edir. Üzv olmadan üzvlük imtiyazlarından faydalanmaq mümkün deyil”, -deyə avropalı diplomatlardna biri deyib.

Daha əvvəl məlumat verilmişdi ki, Böyük Britaniya yalnız üzvlük haqqını ödədikdən sonra Aİ-nin 150 milyard avro dəyərindəki hərbiləşmə fonduna qoşularaq silah tədarükü proqramlarında iştirak hüququ qazana bilər.

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması barədə referendum 23 iyun 2016-cı ildə baş tutmuşdu. Seçicilərin 51,9%-i çıxışa, 48,1%-i isə qalmağa səs vermişdi. Uzun və çətin danışıqlardan sonra Böyük Britaniya 2020-ci il fevralın 1-də Aİ-ni rəsmi olaraq tərk edib.

2021-ci il yanvarın 1-də isə “Brexit”dən sonrakı keçid dövrü başa çatdı. Dekabr 2020-ci ildə tərəflər ticarət və qarşılıqlı səfərlər üzrə razılaşma imzaladılar. Bu razılaşma kvota və rüsum olmadan azad ticarət zonasını və Britaniya vətəndaşlarının Aİ ölkələrinə, eləcə də əksinə, 90 günə qədər vizasız səfər imkanını nəzərdə tutur.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr