AZ

Trampın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri böyük strategiyanın tərkib hissəsidir -ŞƏRH

Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması Trampın və ya ABŞ-nin birbaşa təşəbbüsü ilə formalaşmayıb

Azər Həsrət: Trampın bu mövzuda göstərdiyi “şou” və siyasi çıxışlar bizi maraqlandırmır

Asif Nərimanlı: Trampın vasitəçi və zamin kimi çıxış etməsi bu razılaşmanın davamlılığını təmin edir



TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli regionundan keçən nəqliyyat dəhlizidir. O, Xəzər dənizi üzərindən artan ticarəti stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.
Bu barədə ABŞ prezidenti Donald Tramp C5+1 görüşü zamanı bildirib.
Trampın sözlərinə görə, bu marşrutun həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.
“Bu tarixi razılaşma yeni “Tramp marşrutu”nun yaradılmasını da ehtiva edir. Bu, çox gözəldir ki, onlar (Azərbaycan və Ermənistan) mənim adımı qoydular və mən bunun həqiqətən də böyük bir nailiyyət olduğunu yüksək qiymətləndirirəm ki, o, iqtisadi baxımdan həyati əhəmiyyət kəsb edən bir regiondan keçir və bu gün buradakı hər bir ölkəyə sülhdən istifadə etməyə kömək edəcək”, - Tramp deyib.


Politoloq Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Trampın bu açıqlaması, əslində, o qədər də təəccüblü deyil:

"Onun xarakterini nəzərə aldıqda belə bəyanatlar gözləniləndir və artıq beynəlxalq ictimaiyyət də Trampın bu üslubuna alışıb. O hələ birinci prezidentlik dövründə qeyri-ənənəvi davranışları və qərarları ilə yadda qalmışdı. Tramp, klassik diplomatiya çərçivəsindən kənara çıxaraq, daha sərt və fərqli yanaşmalarla tanınmışdı. İkinci prezidentlik dövründə də eyni xətti davam etdirir. Yəni, həm verdiyi böyük vədlər, həm də beynəlxalq siyasətdə sərgilədiyi cəsarətli mövqelərlə fərqlənir. Tramp xüsusilə beynəlxalq münaqişələrin həllində “gücdən istifadə” prinsipinə üstünlük verir. Bunu biz əvvəlki qlobal böhranlarda da gördük. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsində də o, bu prosesi özünün böyük siyasi uğuru kimi təqdim edir və müxtəlif platformalarda bunu vurğulayır.
Lakin qeyd edilməlidir ki, Azərbaycan və Ermənistan arasında əldə olunan Vaşinqton razılaşması Trampın və ya ümumilikdə ABŞ-nin birbaşa təşəbbüsü ilə formalaşmayıb. Bu, son beş il ərzində aparılan danışıqların nəticəsi idi. Azərbaycan və Ermənistan tərəfləri artıq bir çox məsələlərdə razılığa gəlmişdilər. Vaşinqton görüşü isə sadəcə bu razılaşmanın rəsmi təsdiqi kimi baş tutdu. Bununla belə, sənədin ABŞ-də imzalanmasının mühüm üstünlükləri var. Çünki Trampın vasitəçi və zamin kimi çıxış etməsi bu razılaşmanın davamlılığını təmin edir. Bundan əlavə, ABŞ-nin prosesdə iştirakı regionda digər maraqlı tərəflərin xüsusilə Rusiya və Fransanın təsir imkanlarını məhdudlaşdırır. Vaşinqton anlaşmasının imzalanması həm də Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşmasına gətirib çıxardı. Ağ Evin sahibinin məqsədlərindən biri ABŞ-nin bu bölgədəki mövqelərini gücləndirmək və “Orta Dəhliz” marşrutu üzərində təsir imkanlarını artırmaqdır. ABŞ üçün əsas strateji hədəf Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat marşrutlarına nəzarət etmək və bu prosesdən Çini uzaqlaşdırmaqdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Vaşinqtonun Cənubi Qafqazdakı təsirini möhkəmləndirmək planının ilk mərhələsi hesab oluna bilər. Növbəti mərhələdə bu təsirin Mərkəzi Asiyada genişlənməsi gözlənilir. Trampın Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirdiyi son görüşlər də bu istiqamətdə atılmış addımlardır".

Analitikin sözlərinə görə, Yaxın gələcəkdə ABŞ-nin Mərkəzi Asiyada mövcudluğunu artırmaq üçün yeni siyasi və iqtisadi təşəbbüslərlə çıxış edəcəyi ehtimal olunur:
"Ağ Evin sahibi bu proseslərdə özünü əsas təşəbbüskar kimi göstərməyə çalışır və açıqlamalarında da bunu qabardır.
Trampın bəyanatlarının bir qədər “şou xarakterli” olması isə onun üslubuna xasdır. O, diqqəti cəlb etmək üçün qeyri-ənənəvi, bəzən sərt, hətta ironik tonda çıxışlar edir. Amma bu, onun hədəflərinə çatmaq strategiyasının bir hissəsidir. Əslində, Tramp administrasiyasının siyasətində ABŞ-nin qlobal səviyyədə yenidən lider mövqeyini bərpa etmək məqsədi açıq görünür. Onun Zəngəzur dəhlizi və Cənubi Qafqazla bağlı təşəbbüsləri də bu böyük strategiyanın tərkib hissəsidir".

Siyasi şərhçi Azər Həsrət isə qeyd edib ki, bizim üçün Zəngəzur dəhlizinə Trampın adının verilib-verilməməsinin heç bir əhəmiyyəti yoxdur:

"Əsas məsələ dəhlizin açılması və Azərbaycan dövlətinin müəyyən etdiyi şərtlər çərçivəsində fəaliyyət göstərməsidir. Avqustun 8-də Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Tramp ilə keçirilən görüşdə bu məsələ üzrə razılaşma əldə olunub. Ermənistan tərəfi də Azərbaycanın tələblərini qəbul edib və nəticə etibarilə bizim istəklərimiz reallaşır. İndi bu yola Trampın adının qoyulması nəyisə dəyişirmi? Əlbəttə ki, yox. Adının nə olmasından asılı olmayaraq, həmin yol Azərbaycan tərəfinin şərtləri çərçivəsində açılır. ABŞ Prezidentinin bu məsələni siyasi təbliğat üçün istifadə etməsi də bizi maraqlandırmır. O, bundan öz siyasi imicini möhkəmləndirmək üçün yararlana bilər, amma Azərbaycana heç bir mənfi təsiri yoxdur. Əksinə, əsas olan odur ki, məsələ köklü şəkildə həll olunur. Bu prosesin uğurla nəticələnməsində Trampın rolu danılmazdır. Əgər o, Prezident İlham Əliyevi Vaşinqtona dəvət edib danışıqlar aparmasaydı, Paşinyanı da bu prosesə cəlb etməsəydi, Zəngəzur dəhlizi ilə bağlı tam fərqli ssenarilər inkişaf edilə bilərdi. Məsələn, Rusiya bu məsələdə yenidən söz sahibi olmağa çalışırdı. Amma Trampın iştirakı nəticəsində Moskvanın təsir imkanları əhəmiyyətli dərəcədə azalıb. Eyni şəkildə, Ağ Evin sahibi bu məsələyə müdaxilə etməsəydi, Rusiya və İran birləşərək Ermənistan vasitəsilə Azərbaycana qarşı müəyyən mənfi nəticələr əldə etməyə cəhd göstərə bilərdilər. Lakin indi nə Rusiya, nə də İran bu prosesə müdaxilə edə bilir.
Bunun səbəbi aydındır Tramp prosesin içindədir. O, Azərbaycanın dostudur, Prezident İlham Əliyevlə yaxşı münasibətlərə malikdir və atdığı addımlar bizim maraqlarımıza tam uyğun gəlir. Ona görə də Trampın bu mövzuda göstərdiyi “şou” və siyasi çıxışlar bizi maraqlandırmır. Əsas olan odur ki, Azərbaycanın strateji maraqları təmin olunur və Zəngəzur dəhlizi bizim istədiyimiz şəkildə açılır".
Seçilən
82
50
sherg.az

10Mənbələr