AZ

Rusiyanın resurslarına zərbə Ukrayna Krımda yanacaqdoldurma bazasını vurdu

ain.az, Bakupost saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) noyabrın 7-nə keçən gecə işğal altında olan Krım ərazisində Rusiya ordusunun bir sıra logistika obyektlərinə zərbələr endirib. Nəticədə yanacaqdoldurma bazaları, yanacaq anbarları və yanacaq daşıyan qatarlar məhv edilib.

Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin yaydığı məlumata görə, bölmələr gecə saatlarında işğalçıların yanacaq təchizatı infrastrukturuna qarşı əməliyyat keçirib. XƏQ dronları “Qvardeyskaya” yanacaqdoldurma bazasını vurub. Hücum nəticəsində dolu yanacaq çəni məhv edilib.

Eyni bölgədə iki yanacaq qatarına da zərbə endirilib. Hər iki qatar yanacaq məhsulları ilə dolu vəziyyətdə yükləmə-boşaltma estakadasında dayanıbmış.

Bundan başqa, əməliyyat çərçivəsində Simferopol və ətraf ərazilərdə, o cümlədən Bitumnoye qəsəbəsində bir neçə yanacaq bazası və yanacaq-sürtkü materialları anbarları da hədəfə alınıb. Rezervuar parkı obyektləri məhv edilib, hadisə yerlərində çoxsaylı yanğınlar qeydə alınıb.

Ukrayna ordunun açıqlamasında bildirilib ki, “Xüsusi Əməliyyat Qüvvələri düşmənin hərbi potensialına qarşı asimmetrik tədbirlər görməyə davam edir”.

Krımda partlayışlar: nə məlumdur

“Krım küləyi” Teleqram kanalının məlumatına görə, Simferopol yaxınlığındakı Bitumnoye qəsəbəsində gecə saatlarında yanacaqdoldurma bazasında güclü yanğın baş verib. Yerli sakinlərin sözlərinə görə, yanğın təxminən saat 02:30-da başlayıb – bundan əvvəl bölgə üzərindən dronların uçduğu eşidilib. Kanalın abunəçiləri yanğının “Krımneftesbyt” bazasında baş verdiyini ehtimal etsələr də, bu məlumat dəqiqləşdirilməyib.

Eyni kanal gecə saat 01:00 radələrində Krımda bir neçə partlayışın baş verdiyini yazıb. Şahidlər partlayış səslərinin Yaltada belə eşidildiyini bildiriblər. Saat 02:00-dan sonra Qvardeysk və Simferopol İstilik Elektrik Stansiyası ərazisində yanğınların başladığı barədə məlumatlar yayılıb. Şahidlərin sözlərinə görə, Qəsəbədə azı dörd raket zərbəsi qeydə alınıb və qalın tüstü müşahidə olunub.

Kanalın digər məlumatlarında Rusiya HHM sistemlərinin fəaliyyəti, dron uçuşları və Feodosiya istiqamətində mümkün raket buraxılışları qeyd olunub. Abunəçilər bildiriblər ki, Simferopol rayonunun müxtəlif yerlərində raket səsləri eşidilib.

Təxminən saat 05:00-da kanal daha bir partlayış barədə məlumat yayıb. Şahidlər səsin həm Simferopolda, həm də ətraf qəsəbələrdə və Krımın cənub sahillərində belə eşidildiyini bildiriblər.

Xatırladaq ki, daha əvvəl “Fokus” nəşri Ukrayna müdafiə qüvvələrinin işğal olunmuş Donetskdə “Şahed” pilotsuz uçuş aparatlarının saxlanma və buraxılış bazasını məhv etdiyini yazmışdı.

Həmçinin noyabrın 6-na keçən gecə Rusiyanın Kostroma vilayətindəki Volqoreçensk şəhərində yerləşən istilik elektrik stansiyası da Ukrayna PUA-larının hücumuna məruz qalmışdı.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
www.bakupost.az

1Mənbələr