AZ

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

BAKI,TurkicWorld

Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur.

TurkicWorld xəbər verir ki, Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.

Ölkə stendində Azərbaycanın turizm, innovasiya, nəqliyyat, “yaşıl” enerji, neft-qaz, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunmuş nailiyyətlər və perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri və tematik videoçarxlar, ölkəmizin qeyri-maddi mədəni irs nümunələri nümayiş olunur.

“Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərablar, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, süd məhsulları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar təqdim olunur. Stenddə həmçinin Çindəki ticarət evlərində nümayiş olunan yerli məhsullarımız yer alıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti “CIIE 2025” sərgisini, o cümlədən Azərbaycan stendlərini ziyarət edib.

Sərgi noyabrın 10-dək davam edəcək.

Seçilən
33
1
turkic.world

2Mənbələr