[/center]Cəlilabad rayonunda məktəbdə baş verən insident cəmiyyətdə ciddi narazılıq doğurub
Cəlilabad rayonu Sabirabad kəndində yerləşən N. Məmmədov adına 1 nömrəli tam orta məktəbdə biabırçı hadisə qeydə alınıb. Məlumata görə, məktəbin direktoru Araz Babayev ilə onun qardaşı, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərən Valeh Babayev arasında ciddi qarşıdurma yaşanıb.
Hadisə birbaşa müəllim və şagirdlərin gözü qarşısında baş verib. Mübahisə sonda sözlü qarşıdurmaya, daha sonra isə məktəb daxilində gərginliyə çevrilib. Şagirdlər bu mənzərəni gülüş və istehza ilə qarşılayıblar ki, bu da təhsil ocağının nüfuzuna ciddi zərbə vurub.
Təhsil müəssisəsi gələcəyimizi formalaşdıran, sağlam düşüncəli və mədəni vətəndaş yetişdirən bir mərkəz olmalıdır. Əgər şagirdlərin gözü önündə müəllimlər bir-birinə qarşı təhqiramiz ifadələr işlədirsə, belə bir yerdə nə tərbiyədən, nə də keyfiyyətli təhsildən danışmaq mümkündür.
Bu hadisə göstərir ki, müəllimlərin yalnız sertifikasiya imtahanlarından keçməsi kifayət deyil. Onların psixoloji vəziyyəti və emosional sabitliyi də diqqətlə yoxlanılmalıdır. Səs yazılarında da aydın şəkildə hiss olunur ki, məktəbdə ümumi mühit sağlam deyil və kollektiv daxilində ciddi narazılıqlar mövcuddur.
Belə vəziyyətdə Elm və Təhsil naziri Emin Əmrullayevin təhsildə “uğurlardan” danışması reallıqdan uzaq görünür. Təhsil sistemində bu kimi halların mövcudluğu həm nazirliyin imicinə, həm də ümumilikdə cəmiyyətin gələcəyinə mənfi təsir göstərir.
İnanırıq ki, məsələ aidiyyəti qurumlar tərəfindən ciddi şəkildə araşdırılacaq, günahkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək və məktəbin nüfuzunun bərpası üçün addımlar atılacaq.(Azerbaycanreallığı)
Qarrşı tərəfin mövqeyini dərc etməyə hazırıq