Azərbaycanda qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirilib.
Bu barədə Editor.az a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatı DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə aparıb.
Araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.
Saxlanılanlar arasında “Koti” ləqəbli Zeynəb Zeynallı, “Narmeen” ləqəbli Nərmin Əfəndiyeva, “Epi” ləqəbli Əkbər Norvuzlu da var.