AZ

Hazırda internet dilində danışan bir nəsillə üz-üzəyik

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı işini panel sessiyalarla davam etdirir.

“İki sahil” xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilən panel sessiyada “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusu müzakirə olunub.

Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayaraq bildirib: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizin başçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirdi. Doğurdan da əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.

G.Əkbərova sonda gənc diktorlara, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi məsləhət görərək deyib: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova qeyd edib ki, hazırda internet dilində danışan bir nəsillə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər demək olar tamamilə itib. İstəsək də, istəməsək də sosial mediada formalaşan üslub danışıq mədəniyyətimizə ciddi təsir göstərir və biz bu dilin təsiri altına düşmüşük.

Onun sözlərinə görə, klassik efir dilində, düzgün Azərbaycan dilində danışanda bu günün gənc nəsli, tamaşaçı bunu köhnəlmiş üslub kimi qəbul edir. Onlara elə gəlir ki, kitab dilində danışırıq və bunu süni qəbul edirlər. Dil məsuliyyəti itib. Bir vaxtlar efirə çıxmaq üçün dil imtahanı mövcud idi. O deyib ki, bu gün jurnalistika fakültəsində nitq mədəniyyəti ayrıca fənn kimi tədris olunur.

Səadət Məmmədova əlavə edib ki, ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb. Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır. Onun fikrincə, bu pozuntular artıq cəmiyyət üçün ciddi siqnaldır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə hazırda Dilçilik İnstitutunda mühüm işlər görüldüyünə diqqət çəkib: “Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır”.

O qeyd edib ki, müasir dövrdə beynəlxalq leksikondan istifadə qaçılmazdır. Qloballaşma prosesi informasiya mühitinə də təsir edir. Lakin burada müəyyən sədlər olmalıdır. “Əgər bir anlayışın Azərbaycan dilində qarşılığı varsa, onun yerinə yad söz işlətmək nə ədəbi, nə də mədəni baxımdan doğru deyil. Dilimiz kifayət qədər zəngin, ifadə gücü yüksək bir dildir və bu potensialdan istifadə etmək bizim borcumuzdur. Media nümayəndələrinin bu sahədə məsuliyyəti isə daha böyükdür. Efir dili xalqın dili ilə birbaşa təmasdadır. Ona görə aparıcılar, jurnalistlər və diktorlar sadə, aydın və anlaşılan şəkildə danışmalıdırlar. Bu, publisistikanın əsas tələblərindən biridir. Eyni zamanda, vurğu məsələsi də çox önəmlidir. Bəzən elə düşünürlər ki, vurğu sadə bir texniki məsələdir. Halbuki vurğu dili canlı edən, mənanı düzgün çatdıran ən vacib fonetik vasitədir. Düzgün vurğu nitqin ahəngini, ifadəliliyini və peşəkarlığını təmin edir”, - deyə N.Məmmədli bildirib.

Panel sessiya işini müzakirələrlə davam etdirib.

Seçilən
51
ikisahil.az

1Mənbələr