Bakı, 7 noyabr, AZƏRTAC
Hazırda biz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mühüm işlər görürük. Orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel sessiyada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli deyib.
O qeyd edib ki, müasir dövrdə beynəlxalq leksikondan istifadə qaçılmazdır. Qloballaşma prosesi informasiya mühitinə də təsir edir. Lakin burada müəyyən sədlər olmalıdır. “Əgər bir anlayışın Azərbaycan dilində qarşılığı varsa, onun yerinə yad söz işlətmək nə ədəbi, nə də mədəni baxımdan doğru deyil. Dilimiz kifayət qədər zəngin, ifadə gücü yüksək bir dildir və bu potensialdan istifadə etmək bizim borcumuzdur. Media nümayəndələrinin bu sahədə məsuliyyəti isə daha böyükdür. Efir dili xalqın dili ilə birbaşa təmasdadır. Ona görə aparıcılar, jurnalistlər və diktorlar sadə, aydın və anlaşılan şəkildə danışmalıdırlar. Bu, publisistikanın əsas tələblərindən biridir. Eyni zamanda, vurğu məsələsi də çox önəmlidir. Bəzən elə düşünürlər ki, vurğu sadə bir texniki məsələdir. Halbuki vurğu dili canlı edən, mənanı düzgün çatdıran ən vacib fonetik vasitədir. Düzgün vurğu nitqin ahəngini, ifadəliliyini və peşəkarlığını təmin edir”,-deyə N.Məmmədli bildirib.