AZ

Qarabağla bağlı kinofilmlər: Düşmənin “nüvə”dən güclü “silahı” – FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edərək yazıb ki, Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.

O həmçinin bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib.

44 günlük möhtəşəm müharibədən, zəfər qoxulu böyük bir mücadilədən bəhs edən bir filmimizin nəhayət ki, olması bizi sevindirdi. Buna da şükür deməyə bilmirsən! Çünki indiyənə qədər , yəni, bu 5 ildə , ümumilikdə 10 ildə beynəlxalq müsabiqələrə layiq olacaq bir müharibə filmimiz yox idi. İndi yenə də var və var olması bizi sevindirməyə bilməz!

Belə bir mövzuda Ermənistan kinomatoqrafçılarının uğurlarını qısqanclıq hissi ilə seyr etməkdən başqa çarəmiz qalmırdı . Son 7-8 ilin siyahısına diqqət edək:

1. Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri, filminı britaniyalı rejissoru, Emil Hessenin “Artsax müharibəsi’’ndən bəhs edən ”45 gün: Millət uğrunda mübarizə” adlı, 2021-ci ilin istehsalı olan “sənədli filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəddir.

Bəli, dünya hegemonu olan ABŞ-ın “Hollivud”u “Pentaqon”dan daha uzağı vurur.

2. 2023-cü ildə erməni rejissor Şoğakat Vardanyanın 44 günlük müharibə ilə bağlı çəkdiyi “1489” sənədli film Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) baş mükafat alıb.

Eyni zamanda dünyanın ən nüfuzlu sənədli filmlər festivalı olan IDFA-da “ən yaxşı film” baş mükafatına layiq görülmüşdü. 2024-cü ildə isə “1489” filmi Romada keçirilən Beynəlxalq Sənədli Filmlər Festivalının qalib olub.

3. Ermənilərin Qarabağ haqqında çəkdiyi “Əgər külək əsərsə” filminin büdcəsi 12 milyon dollardır.

Hətta həmin film dünyanın ən məşhur “Kann film festifalı”nda (73-cü festival ) “ “ən yaxşı” 56 filmdən biri oldu. Filmin rejissoru erməniəsilli Nora Martirosyan Fransa vətəndaşıdır.

4. Yəqin, bəziləriniz bilir ki, ötən il İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın Qarabağa həsr edilmiş “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü.

Amma Azərbaycan diaspora təşkilarlarının birbaşa fəaliyyəti sayəsində filmin namizədliyi rədd edildi. Baxmayaraq ki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.
Amma ermənilər erməniliklərindən qalmadılar.
Beləki, rejissor Hasmik Movsisyanın “250 km” filmi Oskar mükafatına namizədlərin uzun siyahısına daxil edildi. 2022-ci ildə çəkilən 22 dəqiqəlik bu film Moskvadakı Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (“ВГИК”) məzunu rejissor Hasmikin diplom işidir. Bu həmin erməni filmidir ki, 2024-cü ildə Film Akademiyası Kvalifikasiya Festivalında 51-ci Afina Beynəlxalq Film Festivalının Birinci Mükafatını qazandı. Eyni zamanda ötən il Nyu Yorkda keçirilən “SR Socially Relevant Film Festivalında “250 km” filmi “ən yaxşı qadın rejissor” və “ən yaxşı aktrisa” nominasiyalarında qalib olub. Mükafatları müvafiq olaraq Hasmik Movsisyan və Ruzan Xaçatryan alıb.

5. 2021-ci ildə Berlin Beynəlxalq Film Festivalının “Forum” proqramına “Qara Bax Artsax” filmi daxil edildi.

Azərbaycanlıların internet üzərindən bütün etirazlarına baxmadan film festivalda nümayiş olunub. Ümumilikdə bu film 17 mükafata layiq görülüb.

6.2016-cı ilin aprelində (Təəssüf ki, bizim bu mövzuda da normal bir filmimiz yoxdur.) Qarabağda baş vermiş 4 günlük Aprel döyüşlərinə həsr edilmiş “Cənnətin qapıları” filmi 2020-ci ildə Moskva kinofestivalında nümayiş olundu.

Filmin rejissoru Civan Avetisyan filmin Rusiyanın ən nüfuzlu kinofestivalında nümayişini böyük uğur adlandırıb.

Rejissor Civan Avetisyanın çəkdiyi filmdə almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.

Təəssüf doğuran məqam ondan ibartədir ki, çəkilişləri Qarabağda və Avropada aparılan filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən aparılıb.

7. Ermənilər 6 ölkə ilə birlikdə “Axırıncı sakin” adlı film çəkiblər.

Filmdə Azərbaycan ermənilərə hücum edir, tək qalan bir qız atasını gözləyir. Atasını azərbaycanlılar əsir götürür, dəlixanaya salır və ermənilərə geri qaytarmır. Ssenari bu səpkidədir. O filmlə bir neçə festivalda rastlaşmışam. Ermənilər 2018-ci ildə Kannda keçirilən “Aralıq dənizi” festivalına o filmlə qatılmışdı.

Uzun sözün qısası, bu böyük və məndə qısqanclıq hissi yaradan siyahıdan sonra bizim kinomatoqrafların çəkdiyi “44” bədii filmi, bilmirəm məni nə qədər sevindirdi, ümumiyyətlə, məlum siyahının qarşısında sevinə bildimmi?Amma ümid sonda ölür. İnşallah ən yaxşı sevinci “44” bədii filmi beynəlxalq müsabiqələrdə birinci yeri tutanda, ya da “Oskar” a layiq olanda yaşayarıq.

Əntiqə Rəşid

Seçilən
37
nocomment.az

1Mənbələr