AZ

Əcnəbilərin rayonlardan “ayağını kəsən” səbəb

Ekspert: “Regionlardakı hava limanları səmərəli fəaliyyət göstərə bilsə...”

Rəsmi statistikaya görə, Azərbaycana gələn turistlərin 80 faizindən çoxu yalnız Bakını seçir. Yəni ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, bölgələrə üz tutur. Bu göstərici təkcə turizm baxımından yox, həm də regionların iqtisadi dinamizmi baxımından ciddi siqnaldır. Görünür, bölgələrdəki hotellər, turizm infrastrukturu, xidmət səviyyəsi və ümumi mühit paytaxtla rəqabət apara bilmir.

Azərbaycanda turizmin ÜDM-də payı 3-4 faiz civarındadır. Müqayisə üçün, bu göstərici Türkiyədə 11-12, Gürcüstanda isə 7-8 faizdir. Yəni qonşu ölkələr turizmi real gəlir mənbəyinə çevirə biliblər. Azərbaycanda isə hələ ki turizmdən gələn qazancın əsas hissəsi daxili turizmin payına düşür. Bakı, Qəbələ, Quba, Naftalan kimi bölgələrdə hotellərin doluluq dərəcəsi əsasən yerli vətəndaşların hesabına təmin olunur. Xarici turistlər bu bölgələrə çox nadir hallarda yol salır.

Bunun bir neçə səbəbi var. Əvvəla, xidmət səviyyəsi ilə qiymət arasında ciddi uyğunsuzluq müşahidə olunur. Turistlərin əksəriyyəti bölgələrdəki hotellərin qiymətlərini Avropa standartlarında, xidmətlərini isə bəzən kənd qonaqlığı səviyyəsində dəyərləndirirlər. Xidmət personalının hazırlığı, təmizlik standartları, qida keyfiyyəti, turistlə davranış mədəniyyəti hələ də çox yerdə zəifdir. Turizmin əsas mahiyyəti yalnız “dağ havası satmaq” deyil, həm də “təcrübə və hiss yaşatmaqdır” - bu isə bölgələrdə demək olar ki, zəifdir.

Digər böyük problem əyləncə turizminin yoxluğudur. Azərbaycanda əcnəbi turistin bölgələrə gəlmək üçün motivasiyası olmalıdır. Onu Qəbələyə, Zaqatalaya və ya Lerikə nə gətirə bilər? Dağ, meşə, göl, təbiət? Bəli, bunlar mövcuddur. Amma turist təkcə təbiətə baxmaq istəmir, o, həm də yaşamaq, hiss etmək, əylənmək, yerli mədəniyyətlə ünsiyyət qurmaq istəyir. Rayonlarımızda isə bu cür mədəni və əyləncə infrastrukturuna az rast gəlinir.

Əlavə problem əlçatanlıq və logistikadır. Ölkədə yalnız Bakı və Naxçıvan aeroportları beynəlxalq səviyyədə fəaliyyət göstərir. Sürət qatarı isə bütün rayonlara getmir və bəlli məhdud qrafiklə hərəkət edir. Turist üçün asan çatmaq həm də səyahət planının əsas hissəsidir. Amma Azərbaycanda bir çox bölgəyə çatmaq hələ də vaxt və səbir tələb edir.

Digər tərəfdən, 2-3 ulduzlu, orta büdcəli hotellərin azlığı da bölgələrin turizm potensialını məhdudlaşdırır. Əksər rayonlarda ya bahalı, beşulduzlu hotellər, ya da turistlər üçün uyğun olmayan kiçik qonaq evləri var. Turizmin kütləviləşməsi üçün orta seqmentdə yerləşmə yerlərinin artması vacibdir. Yeni hotellərin tikintisinə isə çox zaman yerli icra strukturlarının bürokratik maneələri, torpaq ayrılması və icazə prosedurlarındakı ləngimələr əngəl yaradır.

Bu cür səbəblərə görə Azərbaycan turizmi hələ də paytaxt mərkəzli modeldə ilişib qalıb. Halbuki regionların təbiəti, iqlimi, mətbəxi və folkloru turizm üçün nadir resursdur. Onu yalnız “reklam” yox, doğru yanaşma və səmimi xidmət mədəniyyəti ilə reallaşdırmaq mümkündür. Əgər bu tendensiya dəyişməsə, ölkəmizə gələn turistlər yenə də yalnız Bakı bulvarında gəzişəcək, “Qız qalası” önündə şəkil çəkdirib geri dönəcək. 

Ceyhun

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, şəhər həyatı və mövcud təkliflərə görə turistlər daha çox Bakını seçir: “Turistlərin çoxu Bakıda daha səmərəli zaman keçirə bilir. Turistlər, əlbəttə, rayonlara da gedirlər. Amma əsas faktor da var ki, hazırda quru sərhədlərin bağlı olma səbəbinə görə ölkəyə giriş və çıxış əsasən hava yolları ilə mümkün olur. Nəzərə alaq ki, uçuşların 90 faizindən çoxu Bakıdakı hava limanı vasitəsilə baş tutur. Bir turist Azərbaycana gələrkən onun giriş və çıxış nöqtəsi Bakı şəhəri olur. Bu halda ölkəyə gələn turist 5 günlük səfər edirsə, onun ilk bir-iki gününü Bakıda keçirir, hətta rayona getsə belə, 1 gün qalıb yenidən paytaxta dönür ki, uçuşu maneəsiz olsun. Nəticə etibarı ilə onun Bakı ilə bağlılığı daha çox olur. Ölkəyə giriş-çıxış edərkən Bakıda olmaq məcburiyyəti yaranmış olur. Quru sərhədləri açıq olduqda isə rayonları gəzə və sonra da Gürcüstan vasitəsi ilə ölkəni tərk edə bilirdilər. Bizim Bakıdan başqa 8 hava limanımız var. Məsələn, Gəncədə, Lənkəranda belə hava limanları var idi.  Regionlardakı hava limanları səmərəli fəaliyyət göstərə bilsə, həmin bölgələr və onlara yaxın rayonlara turist axını ola bilər. Digər səbəblər isə paytaxtda infrastruktur mövcudluğu və hotellərin çoxluğudur”. 

Turizm eksperti Rəhman Quliyev qeyd edib ki, turistlərin gəlişi payız və yaz mövsümü istisna olmaqla, qışda və yayda qeyri-bərabər paylanır. Onun sözlərinə görə, turistlərin səyahət trayektoriyası ölkədən asılı olur: “Məsələn, ərəb və digər isti ölkələrdən gələn turistlər daha çox  havası soyuq olan, dağlıq rayonlara getməyi sevirlər. Avropadan gələn turistlər isə tarixi yerləri gəzməyi xoşlayırlar. Məsələn, Bakıya, Şəkiyə, Gəncəyə gedirlər. Koreya və Yaponiya vətəndaşlarını da buraya şamil etmək olar. Payız fəsli isə turizm üçün qeyri-sezon hesab olunur. Bu mövsümdə daha çox işgüzar səfərlər olur. Beynəlxalq tədbirlər isə daha çox paytaxtda keçirilir. Regionlardan Şuşada və Qəbələdə belə tədbirlər olur. Həmçinin ölkəmizə oxumağa gələn əcnəbilər də paytaxtda təhsil alırlar. Bütün bunları nəzərə alsaq, görərik ki, sadaladığımız səbəblərə görə Azərbaycana gələnlər payız fəslində xüsusən Bakıda qalmağa üstünlük verirlər".  

Qeyd edək ki, bu ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusar olub. Azərbaycana gələnlərin 6,4 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, turistlərin 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.

Bu müddətdə turistlərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə  müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olub. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya,   0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.     

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
45
musavat.com

1Mənbələr