AZ

Şuşa sürətlə bərpa olunur, tarixi şöhrətini özünə qaytarır

Vətən müharibəsi günlərində Azərbaycan Ordusu tərəfindən şəhər və rayonlarımızın işğaldan azad edilməsi 44 günlük savaşın əlamətdar hadisələrinə çevrildi. Bütün bunlar cəmiyyətimizdəki ruh yüksəkliyini daha da artırdı, düşmən üzərində tam qələbənin uzaqda olmadığını göstərdi. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin həlledici mərhələsi oldu. Məhz bundan sonra Ermənistan rəhbərliyi məğlub olduqlarını anlayaraq kapitulsiya aktına qol çəkdi.

Şuşa Azərbaycan xalqının milli kimliyinin rəmzi, mədəni və mənəvi sərvətidir. Təsadüfi deyil ki, Vətən müharibəsi günlərində xalqımızın ən böyük gözləntilərindən biri Şuşanın azad olunması idi. 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev «Şuşasız bizim işimiz yarımçıq olar» demişdi. Ona görə şəhər və kəndlərimizin azad edilməsi müjdələrini qürur və sevinc hissi ilə dinlədikcə, həm də Şuşanın azad olunması xəbərini intizarla gözləyirdik. Müharibə günlərində torpaqlarımızı azad etdikcə həm də Şuşaya doğru dayanmadan, inamla irəliləyən ordumuzun bölmələri xalqımızın bu arzusunu noyabrın 8-də reallığa çevirdilər.

Ermənistanın hərbi siyasi rəhbərliyi Şuşanın ordumuz tərəfindən azad olunacağını təxmin belə edə bilmirdi. Həmin günlərdə düşmən Şuşanı daha da möhkəmləndirmiş, xüsusi təyinatlı bölmələri şəhərin müdafiəsinə cəlb etmişdi. Lakin Azərbaycan Ordusu Şuşa uğrunda elə bir unikal döyüş əməliyyatı keçirdi ki, bütün dünyanı heyran qoydu. Məhz Şuşanın azad olunmasından sonra Ermənistan rəhbərliyi müharibədə məğlub olduqlarını dərk etdi.

Vətən müharibəsinin 42-ci günündə, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi respublikamızda bayrama döndü. İnsanlar əllərində bayraqlarla bu hadisəni qeyd etmək üçün küçələrə axışdı. Milli mədəniyyətimizin, incəsənətimizin, musiqimizin, ədəbiyyatımızın məbədi, qürur yerimiz olan Şuşanın azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Cənab Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə əlaqədar xalqa müraicətində dediyi kimi 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır:

«İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!»

Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayandı. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Dövlətimizin gücünün və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabr ayının 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşada bayrağımızı ucaltdı.

Təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa Azərbaycan xalqının möhtəşəm mədəni və mənəvi irsidir. Şuşa elə bir əzəmətli tarixdir ki, 28 ildən artıq işğal dövründə işğalçılar bu tarixi dəyişdirə, erməniləşdirə bilmədilər. Şuşa heç vaxt yadları qəbul etmədi. Prezident İlham Əliyevin dediyi kimi işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi:

«Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.

Artıq 5 ildir ki, Şuşa yenidən qurulur, keçmiş şöhrətini, o cümlədən mədəni ənənələrini özünə qaytarır. Prezident İlham Əliyev bu müddətdə dəfələrlə Şuşaya səfər edib və bu səfərlərin hər biri şəhərin həyatında dərin iz buraxıb. Müzəffər Ali Baş Komandanın Şuşaya 2021-ci ilin yanvar ayında etdiyi ilk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin öz yerlərinə qoyulması ilə başlanan bərpa və quruculuq işləri bu gün də vüsətlə davam edir. Şəhərdə xalqımızın tarixi-mədəni irsi bərpa edilir, yeni infrastrukturlar yaradılır, həm də yeni yaşayış kompleksləri inşa olunur.

Şair və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işlərinin aparılması, o cümlədən Vaqifin büstünün və görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin heykəlinin qoyulması, Xalq artisti Bülbülün ev-muzeyi bərpası şəhərin mədəni irsinin dirçəldilməsi istiqamətində həyata keçirilən ilk layihələrdir. Şəhərdəki tarixi, mədəni və dini abidələrdən Şirin su hamamı, Mamayı, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı, Çöl Qala məscidləri, Mehmandarovların malikanə kompleksi bərpa edilib. Şuşanın mədəni və dini abidələrinin yenidən qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri xüsusi qeyd edilməlidir.

Hazırda Heydər Əliyev Fondunun xətti ilə şəhərdə bərpa-quruculuq layihələrinin həyata keçirilməsi davam etdirilir. Şəhərin azad edilməsindən sonra yenidən keçirilən “Xarıbülbül” festivalı, o cümlədən Vaqif Poeziya Günləri Şuşanın mədəni dirçəlişinin təcəssümüdür.

Şuşanın infrastrukturuna gəldikdə, indiyə kimi şəhərdə “Şuşa” yarımstansiyası, Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şuşa sutəmizləyici qurğular kompleksi, Dövlət Xidmətləri Mərkəzi, 1 nömrəli tam orta məktəb, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi, “Xarıbülbül”, “Qarabağ, “Yasəmən” hotelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksi, “İsa bulağı” istirahət kompleksi istifadəyə verilib, Bayraq Meydanının açılışı olub. Şəhərin su təchizatı sistemi də yenidən qurulub, Zəfər yolu və Əhmədbəyli-Füzuli-Şuşa yolları istifadəyə verilib.

Şuşa həm də mühüm tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. İndiyədək burada Dünya Azərbaycanlılarının V Qurultayı, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, müxtəlif beynəlxalq tədbirlər keçirilib. Şuşada Qlobal Media Forumunun keçirilməsi isə artıq ənənə halını alıb.

Dirçələn və tarixi şöhrətini bərpa edən Şuşa Böyük Qayıdışın ünvanıdır. 2024-cü ilin may ayında Şuşada birinci yaşayış kompleksinin açılışı olub və doğma sakinləri şəhərə qayıdıblar.

Şuşanın azad edilməsi tək Vətən müharibəsinin deyil, tariximizin böyük hadisəsidir. Bu şəhər Azərbaycan üçün tarixi, milli, mədəni əhəmiyyət daşıyır. Şuşa xalqımızın yüksək mənəvi dəyəridir.

Ona görə də Prezident İlham Əliyev sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Şuşanın Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq, Milli Məclis tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun da qəbul olunub.

Şuşanın azad edilməsi Türk və İslam dünyası üçün də müstəsna əhəmiyyət kəsb etdi. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması bunun aydın təcəssümüdür. 2023-cü ilin oktyabrında İranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında isə Şuşa 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olunub.

Noyabrın 8-i həm də Şuşa şəhəri Günüdür. Azərbaycanın mədəniyyət paytaxtı azadlığının 5-ci ilini və Şuşa şəhəri Gününü təntənə və qürurla ilə qarşılayır. Ötən 5 ildə şəhərdə aparılan bərpa və quruculuq işləri göstərir ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Şuşa tezliklə nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Seçilən
2
8
missiya.az

9Mənbələr