AZ

Mehdiyev müxalifəti niyə və necə ələ alıb?

Gültəkin Hacıbəyliyə ev, Əli Kərimliyə mandat...

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istəyi hələ də müzakirə olunur. Xüsusilə də R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi açıqlanmayıb.  Agentliklərdən biri isə 50 nəfərin siyahısında  AXCP sədri Əli Kərimli və sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin adının olduğunu iddia edib.  

Oxu24.az saytının səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Qeyd edilib ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar dərc edib. Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Bildirilir ki, Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədilə bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə “xüsusi xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır", - məlumatda vurğulanıb. Gültəkin Hacıbəyli II və III çağırış (2000-2010-cu illərdə) deputat olub. Mənzillərin də ona deputat olduğu zaman verildiyi  iddia olunur.

Bəs R.Mehdiyev müxalifəti niyə və daha çox hansı yollarla ələ alıb, onlardan öz məqsədləri üçün niyə istifadə edib? Yeri gəlmişkən, AMİP-in fəxri lideri Etibar Məmmədov  partiyaları ləğv etmək, onları maliyyə cəhətdən çökdürmək və onun rəhbərləri və sıravi üzvlərini inzibati cəhətdən təqib etməyin məhz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin metodu olduğunu deyib...

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətdə kifayət qədər səlahiyyətlərə malik Ramiz Mehdiyevin dövlətin məhv edilməsinə çalışması heyrət doğurur: “Bunun üçün ölkə daxilində bütün qruplara və strukturlara nüfuz edib, onları özünün yaratdığı şəbəkəyə qoşub.  Bütün fəaliyyəti xalqı dövlətdən narazı salmağa, dövləti xalqın gözündə kiçiltməyə, etibarsızlaşdırmağa yönəlib. 

Nəhayət ki, bu əməlləri törədən və prosesi idarə edən Ramiz Mehdiyev ifşa olundu. Dövlət vəzifələrində çalışanlar,  bank-maliyyə sektorunun əməkdaşları, nazirlər, deputatlar, komitə sədrləri, icra başçılarının Ramiz Mehdiyevin komandasında yer aldığı barədə məlumatlar yayılmaqdadır. Bu siyahıda müxalifət partiya rəhbərlərinin də yer alması haqqında informasiyalar isə insanı dəhşətə gətirir. Bu məlumatların doğru olmamasını çox istərdim. Lakin hazırda davam edən istintaqın bütün həqiqətləri üzə çıxaracağına inanıram. 

Xüsusilə Milli Şuranın rəhbərlərindən biri Gültəkin Hacıbəyli və AXCP Əli Kərimli ilə bağlı deyilən arqumentlərə və iddialara aydınlıq gətirilməsinə ehtiyac vardır. Hakimiyyətə barışmaz mövqedə dayanan bir şəxsə iki evin bağışlanmasını heç bir normal məntiqə sığışdırmaq olmur. Ötən illərdə siyasi müstəvidə baş verən və bizdə müəyyən suallar doğuran hadisələrin üstünə indi işıq düşməyə başlayır. Müxalifətin keçirdiyi  aksiyalarla bağlı qərarın verilməsi, mitinqlərin yürüşlərə çevrilməsi, müstəqil düşüncəli şəxslərin həbsi və s. nüanslar hər zaman ciddi müzakirə predmeti olmuşdur. Eyni zamanda müxalifətdən seçilən deputatların yalnız müəyyən qrupa mənsub olmasının bir mənası olduğu da görünməkdədir".

Niyameddin

Niyaməddin Orduxanlı 

ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı isə bildirdi ki, bunu ancaq istintaq orqanı müəyyənləşdirməlidir: “Biz indidən deyə bilmərik ki, kim nə edib və ya nə etməyib. Ehtimallar əsasında kimlərisə ağır dövləti cinayətdə ittiham etmək olmaz və yaxud da ehtimallar əsasında fikir söyləmək doğru olmaz. O baxımdan ki, hələlik bu həbsləri həyata keçirən istintaq orqanı tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməyib. Biz ancaq mətbuata sızdırılan müəyyən məlumatları əldə edirik. Mətbuatın yazdıqlarının istintaq orqanı tərəfindən təkzib olunmaması, əlbəttə, hamıda təqribən nə baş verməsi barədə bir fikir formalaşdırır. Amma qəti fikir söyləmək üçün biz rəsmi açıqlamaları gözləməliyik. Nə baş verib, kimlərin bu işdə əli var? Yəni mülahizələr əsasında kimlərisə ağır cinayətlərdə ittiham etmək doğru olmaz. O ki qaldı Əli Kərimliyə, bu adam həmişə həm daxildən, həm də xaricdən sifariş alıb. Əli Kərimlinin bütün siyasi fəaliyyəti sifarişlərin icrası ilə əlaqəli olub. Əli Kərimli pulun qarşılığında istənilən addımı atmağa hazır olan birisidir”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”   

Seçilən
31
2
musavat.com

10Mənbələr