AZ

Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Tramp ilə cümə axşamı keçiriləcək görüşdə "İbrahim sazişləri"nə qoşulacağını elan edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Axios” nəşrinə ABŞ rəsmiləri məlumat veriblər.

Məlumata görə, bu addım Vaşinqton tərəfindən İsrailin ərəb və müsəlman dünyası ilə əməkdaşlıq platformasının yenidən canlandırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. ABŞ administrasiyası hesab edir ki, əhalisinin əksəriyyəti müsəlman olan Qazaxıstanın təşəbbüsə qoşulması İsrailin beynəlxalq legitimliyini möhkəmləndirəcək.

Bildirilir ki, Tramp və Tokayev İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə telefon danışığı aparacaq və Astananın “İbrahim sazişləri”nə qoşulmaq niyyətini rəsmi şəkildə bəyan edəcəklər. Daha sonra Ağ Evdə imzalama mərasimi keçirilə bilər.

Ekspertlərin fikrincə, Qazaxıstan üçün bu addım Vaşinqtonla münasibətləri möhkəmləndirmək və ölkənin dini tolerantlıq siyasətinə sadiqliyini nümayiş etdirmək baxımından əhəmiyyətli olacaq.

Xatırladaq ki, “İbrahim sazişləri” 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanıb və İsrail ilə bir sıra ərəb-müsəlman ölkələri - BƏƏ, Bəhreyn və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasına gətirib çıxarıb. ABŞ bundan sonra da sazişin genişləndirilməsi istiqamətində danışıqları davam etdirir.

Seçilən
9
13
unikal.az

10Mənbələr