Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələlərinin püşkü atılıb. Püşkatmanın nəticələrinə görə, təmsilçimiz “Araz-Naxçıvan” yeni formatda keçirilən turnirin 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov sözügedən püşkü dəyərləndirib.
QOL.az-ın məlumatına görə, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında komandasının çətinliklərə rəğmən inamla mübarizə aparacağını deyib:
“11 ildən sonra bu mərhələyə vəsiqə qazandıq. Bu dəfə yarış fərqli formatda keçiriləcək. İndi elit-raund deyil, 1/8 final mərhələsi tətbiq olunur. Səbətdə yer alan komandalar arasında zəif iştirakçı yox idi. Ona görə çətin olacağını bilirdik. Ancaq püşk üzümüzə gülsəydi, hazırkı rəqibimizlə müqayisədə nisbətən zəif komanda ilə qarşılaşmaq da mümkün idi. Bu dəfə reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan “Benfika” ilə rəqib olduq. Heyətlərində keyfiyyətli, güclü futzalçılar yer alıb. Buna baxmayaraq, mübarizə aparacağıq. Təəssüf ki, heyətimiz də optimal deyil. Əsas mərhələdən sonra 2 futzalçımız cəzalı duruma düşüb, bir oyunçumuz isə Rumıniyadakı oyunlar zamanı zədələnib. Hazırlaşacağıq, məşqçilər korpusunun da təlimatlarını alacağıq. Evdə oynadığımıza görə, azarkeşlərin arenaya gələcəklərinə, nəticədən asılı olmayaraq komandamıza dəstək olacaqlarına inanırıq. Noyabrın 24-dək vaxtımız var. Oyuna qədər olan müddətdən yaxşı istifadə edəcəyik”.
Qeyd edək ki, komandalar arasında ilk oyun noyabrın 24-də Bakıda, cavab görüşü dekabrın 5-də səfərdə keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.