
Bu ilin üçüncü rübündə Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda qrafikə uyğun irəliləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Bildirilib ki, il ərzində layihə üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb. Bu müqavilələr çərçivəsində layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti işləri torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir. Eyni zamanda modul təchizatı üzrə işlər də artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Təxminən 200 milyon dollar dəyərində olan və Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyası bütövlükdə BP şirkətinə məxsus olan “Lightsource bp” tərəfindən həyata keçiriləcək və idarə olunacaq. Layihədə iştirak payları belədir: BP 50,01%, SOCAR Green 39,99% və Azərbaycan Biznesinin İnkişafı Fondu 10%.
Qeyd edək ki, Şəfəq günəş layihəsi ilə bağlı məlumatlar BP-nin açıqladığı rüblük hesabatlara ilk dəfə daxil edilib.
Elnur Əli